06 oktyabr 2024 21:20
268

75 yaşın “Payız rəngləri”

Əməkdar rəssam Rza Avşarın 75 yaşının tamam olması münasibətilə onun sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda baş tutan sərgi “Payız rəngləri” adlanıb.

Çıxış edən xalq rəssamı Fərhad Xəlilov sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Rza Avşarın rəsm əsərlərini yüksək qiymətləndirərək qeyd edib ki, rəssamın yaratdığı əsərlərdə həyat realizminin qaynaqlarının bədii məcmusu aydın nəzərə çarpır. Fərhad Xəlilov, həmçinin, Əməkdar rəssamın həyat yoldaşı İradə Avşarovanın da tanınmış rəssam olduğunu və onların birgə çalışaraq gözəl sənət əsərləri yaratdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Rza Avşarın Vətənimizin təbiətini və insanlarını vəsf edən tablolarından söz açıb. Əməkdar rəssamın İcmaya hədiyyə etdiyi Rəvanqulu xanın portretini xatırladaraq vurğulayıb ki, Qərbi Azərbaycan əsilli rəssamların, habelə Rza Avşarın yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir.

Mərasimdə çıxış edən Prezident Administrasiyasının şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev Rza Avşarın Azərbaycanın Xalq artisti, istedadlı, tanınmış teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açdığını bildirərək əlavə edib ki, Avşarlar ailəsinin xəmiri mədəniyyətdən yoğurulub. O, Əməkdar rəssamın kamil bir sənətkar olaraq öz əsərlərində incəsənətimizin zəngin ənənələrini təcəssüm etdirdiyini vurğulayıb. Bildirib ki, Rza Avşarın yaratdığı mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını ifadə edir, yüksək zövq və böyük sənətkarlıqla çəkdiyi portretlərdə isə görkəmli şəxsiyyətlərimizin xarakterini rənglərin dili ilə məharətlə nümayiş etdirir.

Tədbirdə çıxış edənlər Rza Avşarın özünəməxsus üslubda əsərlər yaratdığından söz açıblar. Bütün janrlarda fırçasını sınayan rəssam hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçıya təqdim edir. Onun natürmort və mənzərə janrında olan əsərlərində özünəməxsusluq aydın nəzərə çarpır. Açılışdan sonra sənətsevərlər rəssamın yaradıcılığını əks etdirən, əsasən natürmort, portret və mənzərələrdən ibarət sənət əsərləri ilə yaxından tanış olublar.

Bakıda oktyabrın 9-dək davam edəcək sərgi növbəti günlərdə rəssamın doğulduğu Gəncə şəhərində keçiriləcək.