Kitab sərgilərinin böyük əhəmiyyəti var. Bu gün dünyada aktual məsələlərdən biri gənclərin mütaliəyə olan marağının artırılmasıdır. Biz də davamlı olaraq bunun üçün çalışırıq. Sərgini gəzərkən gənclərimizin kitablara marağının olduğunu müşahidə edirik. Düşünürəm ki, bu cür sərgilərin keçirilməsi mütaliəyə olan marağın artırılmasına böyük töhfə verir.
Bunu X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
AZƏRTAC-ın sərgidə iştirakının əhəmiyyətindən bəhs edən deputat deyib: “Agentliyin Bakı Beynəlxalq Kitab Sərgisində iştirakına sevinirəm. Bu, çox doğru yanaşmadır. Qeyd edim ki, biz həm də bu gün informasiya müharibəsinin şahidiyik. Təbii ki, bu məsələdə informasiya agentliklərinin rolu böyükdür. Eyni zamanda, Azərbaycan dövlətinin rəsmi mövqeyinin dünyaya çatdırılmasında ümumiyyətlə AZƏRTAC-ın böyük bir missiyası var və bunun həyata keçirilməsi üçün vacib addımlar atılır”.