Müsahibimz “Səs Media Qrupu”nun rəhbəri Bəhruz Quliyevdir
- Bəhruz müəllim, bu günlərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ölkəmizdə təntənə ilə qeyd olunur. Ötən 25 ildə partiyanın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış bir partiyadır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. Əslində ötən 25 ildə partiyanın müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində tutduğu roldan danışsaq, buna günlər çatmaz. Amma istərdim ki, partiyanın keçdiyi tarixi inkişaf yolundan danışarkən bir sıra məsələlərə nəzər salaq. Bilirsiniz ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən Azərbaycan hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizin sərvətlərinə göz dikən bədxah qüvvələr Azərbaycanı xaos meydanına çevirməyə və öz maraqları əsasında idarə etməyə çalışırdılar. İnsanlar həmin dövrdəki rəhbərliyin ölkəni xilas edəcəyinə inanmırdılar. Məhz belə bir dövrdə güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac olduğu üçün insanların mənəvi gücünü səfərbər etmək, ölkəmizi düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək naminə ulu öndər Heydər Əliyev vətənpərvər ziyalıların təkidli çağırışlarını və müraciətlərini nəzərə alaraq YAP-ı yaratdı. YAP xalqın partiyası kimi yarandı, çətinlikləri dəf etmək üçün fəaliyyətə başladı. Zaman keçdikcə hər kəs gördü ki, YAP həqiqətən də ümumxalq partiyasıdır. Onun dövlətçiliyimizin və müstəqliyyimizin möhkəmləndirilməsində tutduğu yol bu gün hamının gözləri qarşısındadır.
- Ziyalıların müraciətindən danışdınız. Həmin hadisə tarixə “91lərin müraciəti” kimi daxil oldu. Bu tarixi hadisənin mahiyyəti nədə idi?
- Əslində qeyd etdiyiniz kimi, “9l-ərin müraicəti” tarixi əhəmiyyətli bir hadisə oldu. Amma bu o demək deyildi ki, bu müraicətin arxasında təkcə 91 nəfər ziyalı dururdu. Həmin 91 nəfər milyonlarla Azərbaycan vətəndaşının arzu, istəyinin carçısı idi. Azərbaycan xalqı yaxşı bilirdi ki, onu düşdüyü ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi dahi, uzaqgörən şəxsiyyət xilas edə bilər. Amma həmin çətin dövrdə Azərbaycan ziyalılarının bir yerə yığışması həqiqətən də təqdirə layiq bir hadisə idi. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev də “Səs” qəzeti vasitəsilə həmin ziyalıların müricətinə cavab verdi. Bu müraicət, eyni zamanda “İki sahil” qəzetində də dərc olundu. Ümummilli Lider özü də deyirdi ki, onun hakimiyyətə qayıdışının əsas səbəbi xalqını çətin durumdan çıxarmaq idi. Tarix göstərdi ki, nə Azərbaycan xalqı, nə də ziyalılar bu müraicət üçün heç vaxt yanılmadı. Dahi lider Heydər Əliyev həqiqətən də Azərbaycanı düşdüyü çətin durumdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən xilas etdi, işıqlı, parlaq gələcəyin əsasını qoydu.
- Bu yaxınlarda müstəqilliyimizin 26-cı ilini qeyd etdik. YAP təxminən müstəqilliyimizlə eyni yaşdadır. Ölkə müstəqilliyininn möhkəmləndirilməsində partiyanın rolunu nədə görürsünüz?
-Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbə ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik təmin edildi - xaos və kataklizmlərin qarşısı məharətlə alındı. Ulu öndər Heydər Əliyevin zamanında atdığı addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji faktor oldu. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi kursun prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb.
- Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikirləri artıq tezisə çevrilib. Son olaraq istərdim YAP-ın ölkəmizin gələcək inkişafına verəcəyi töhfələr haqqında fikirlərinizi də öyrənək...
-Ümumiyyətlə, ölkəmizin gələcəyindən danışarkən hamımızın ağlına Azərbaycan gəncliyi və gəncliyin inkişafına göstərilən qayğı gəlir. Bilirsiniz ki, bu gün YAP-ın sıralarında minlərlə Azərbaycan gənci toplaşıb. Bu gün hər bir cəmiyyətin ən dinamik qüvvəsi qismində məhz gənclər çıxış edirlər. Bu gün Azərbaycan gənci, savadlı, müstəqil, sağlam düşüncəlidir. İqtidar partiyası olan YAP-ın sıralarında belə gənclərin cəmləşməsi sözsüz ki, ölkəmizin gələcəyinə olan ümidləri daha da artırır. Son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə idman yarışları, forumlar və s. kimi əhəmiyyətli layihələrdə Azərbaycan gənclərinin qazandığı uğurlar deməyə əsas verir ki, 26 illik müstəqillik tarixi olan dövlətin sabaha ümidləri çoxdur. Bu uğurlar, nailiyyətlər durmadan artır.
Şəfiqə Dadaşova, “İki sahil”