04 oktyabr 2024 14:35
552

MEMİM-in “Sənətkarın dostu” layihəsi davam edir - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

“İki sahil” xəbər verir ki,   3 oktyabr 2024-cü il tarixində Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Eyvazova, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və kamança ifaçısı Mehri Əsədullayeva ilə görüş keçirilib.

MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov iştirakçıları salamlayaraq layihənin gənclərlə sənət nümayəndələri arasında bir körpü rolu oynadığını vurğulayıb. Görüşdə kamança aləti və onun ifaçılıq ənənələri, milli musiqi mədəniyyətinin inkişafında kamançanın rolu, insan təbiətinə təsiri və gənclərin musiqi zövqünün formalaşdırılması istiqamətində söhbət aparılıb. Səmray Əliyevanın moderatorluğu ilə keçirilmiş tədbirdə Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin 10-cu sinif şagirdi Ceyhun Aslanlı və qonaqların ifasında müxtəlif musiqi əsərləri izləyicilərə təqdim olunub.

Sonda professor Arif Əsədullayev kamança aləti ilə bağlı kitablarını MEMİM-ə hədiyyə edib.

“Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə incəsənət xadimlərinin iştirakı ilə paytaxt Bakı və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.

Layihə, mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir.