Astanada görkəmli qazax yazıçısı, dramaturq və alim Muxtar Auezovun abidəsinin təntənəli açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, abidəni Qazaxıstan Respublikasının Dövlət müşaviri Erlan Karin və yazıçının qohumu Diar Konayev açıblar. Erlan Karin Prezident Kasım-Jomart Tokayevin adından təbrik məktubunu oxuyub.
Qazaxıstan Respublikası dövlət başçısının müraciətində deyilir: "Muxtar Auezov xalqımızın mənəvi həyatında xüsusi yer tutan böyük yazıçıdır. O, öz yaradıcılığında xalqımızın dünyagörüşünü və həyat tərzini ustalıqla əks etdirib. Onun misilsiz əsərləri qazax dilinin zənginliyini və özünəməxsus sivilizasiyamızın dərin köklərini parlaq şəkildə nümayiş etdirir".
Tədbirdə, həmçinin yaradıcı ziyalılar, mədəniyyət sahəsinin işçiləri, ictimai şuranın üzvləri və Muxtar Auezovun qohumları iştirak ediblər. Heykəltəraşlar Aydos Burkitbayev və Timur Yermuxametovun müəllifi olduğu abidə Astanada Kalibek Kuanışbayev adına Qazax Milli Musiqi-Dram Teatrının qarşısındakı meydanda qoyulub.