26 sentyabr 2024 10:17
724

Fransadan dağıdıcı niyyətindən əl çəkməyi tələb edirik - Qərbi Azərbaycan İcması

Qərbi Azərbaycan İcması Fransa prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında səsləndirdiyi Azərbaycanın guya Ermənistana “təzyiq” göstərməsi və “ərazi gərginliyi” barədə tamamilə yanlış və qəbuledilməz fikirlərini qətiyyətlə rədd edir.

“İki sahil” xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən otuz il ərzində işğalına dəstək vermiş, bir milyon azərbaycanlının Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasına göz yummuş, vaxtilə münaqişənin dinc yolla həlli üçün atılan addımlara qarşı çıxmış Fransa rəhbərinin indi sülhə və beynəlxalq hüquqa istinad etməsi olduqca ikiüzlü bir yanaşmadır:

"Xatırladaq ki, Makronun indi ikiüzlülük nümayiş etdirdiyi BMT Baş Assambleyası, 2008-ci ildə münaqişənin həllinə xidmət edən müvafiq qətnamənin qəbuluna Fransanın mane olma cəhdlərinə şahidlik edib. Aydın məsələdir ki, imperialist gündəliyə malik Fransa, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll edib, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən narazıdır. Çünki bu, onun regionun işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. Makron bölgədə yenidən münaqişə yaratmaq məqsədilə Ermənistana böyük həcmdə silah göndərir və buna informasiya hazırlığı kimi beynəlxalq platformalarda sanki regionda müəyyən gərginlik olduğu təəssüratı yaratmağa çalışır. Azərbaycana qarşı atdığı böhtanlar da Makronun bu məqsədinə xidmət edir. Biz Fransadan tələb edirik ki, bu dağıdıcı niyyətindən əl çəksin, Ermənistana silah göndərməyi dərhal dayandırsın, regionun işlərinə qarışmasın və sülhə mane olmasın".

Bəyanatda, həmçinin İcma Ermənistanı Fransanın oyununda alət olmamağa, genişmiqyaslı silahlanma proqramını dayandırmağa, diqqətini Azərbaycanla sülh əldə etməyə yönəltməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmalarına şərait yaratmağa çağırıb.