23 sentyabr 2024 15:41
78

Məcnun Məmmədov Şamaxıda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxı, Qobustan, Qusar, Qəbələ, Biləsuvar, İsmayıllı, Göyçay, Salyan, Samux, Cəlilabad, Lənkəran, Zərdab və digər rayonlardan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib.

"İki sahil" nazirliyə istinadən xəbər verir ki, qəbul Şamaxı şəhərindəki Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilib.

Qurumun idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Daha sonra M.Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.

Şamaxı DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.