23 sentyabr 2024 23:58
79

Hünər dastanı

Musa Əlifağa oğlu Əsgərov İkinci Qarabağ müharibəsində canını Vətənə fəda etməklə qərinələr boyunca gələcək nəsillərə örnək olacaq bir tarix yazıb. O, doğma Azərbaycana ürəkdən bağlanmışdı, hər qarışını çox sevirdi. Onu mübarizə meydanında yağı düşmənin kabusuna çevirən də bu ilahi istək olub. Vətənin yaşaması naminə son damla qanına qədır vuruşub şəhadətə yüksəlib. Özü ömrünün ən gözəl cağında- 23 yaşında əbədiyyət dünyasına qovuşsa da, adı bizim üçün bütöv bir Azərbaycan qoyan qəhrəman Vətən övladların cərgəsində fəxrlə, iftixarla çəkilir. Şəhid Musa indi təkcə doğulduğu Cəlilabad rayonunun Sabirabad kəndinin deyil, böyük bir xalqın qürur yeridir. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “İgidliyə görə” və digər medalları isə Musanın odun-alovun içində necə hünər göstərdiyinə bir nişanədir.

Canına yağı dadanmış yurdunun taleyi Musanı uşaq yaşlarında narahat edib. Məhz buna görə Vətən naminə hərbiçi olmağa qərar verib. Dərslərini yaxşı oxumaqla bərabər, idman yarışlarında da həmişə fərqlənib. 2014-cü ildən isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2018-ci ildə oranı fərqlənmə ilə başa vurub.

Musa gənc leytenant rütbəsində Xüsusi Təyinatli Qüvvələrin tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb. Xidməti boyunca öz Vətənini göz bəbəyi kimi qoruyub, iştirak etdiyi təlimlərdə bir qayda olaraq nizam-intizamı, peşəkarlığı həmişə ona uğur qazandırıb. Böyük komandirlərin verdiyi tapşırıqları dəqiq, vaxtında yerinə yetirib, həmçinin tabeliyində olan əsgərləri təmiz ürəkli, vicdanlı, qeyrətli bir komandir olmaqla onun hörmətini uca tutublar. Musa baş leytenant rütbəsinə yüksəlib.

Ürəyi həmişə düşmən işğalında olan Vətən torpaqları azad edib zəfərlə evə dönmək arzusu ilə döyünən baş leytenant Musa Əsgərov sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarında düşmənin kabusuna çevrilib.

Murov dağ yüksəkliyi istiqamətində erməni dığaların 30 il müddətində qurduğu onlarla pusqu və maneələri dağıdaraq hədəfə yaxınlaşıb. O, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə böyük rəşadət göstərib. Neçə-neçə ağır sınaqlarda yağıya qan udduran Musa 27 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çox saylı qəlpələrdən şəhid olub. Və bu şərəfli ölümü ilə Vətən sevgisinin müqəddəsliyini bir daha nümayiş edib.
Şəhid anası Sevda xanım deyir ki, Musa Vətəni hər şeydən üstün bilirdi. Onun yolunda şəhid olmağı özünə şərəf sayırdı. Arzusuna çatdı, mən də şəhid anasıyam. Onunla qürur duyuram. Ölümündən sonra qardaşının oğlu dünyaya gəldi. Onu da Musa kimi böyüdəcəyəm, Musanın oxuduğu məktəbləri oxuyacaq, onun kimi cəsur hərbçi olacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü