22 sentyabr 2024 23:50
83

Londondakı Azərbaycan məktəbində yeni tədris ili başlayıb

Londondakı yeganə Azərbaycan məktəbi olan Britaniya Avropa Azərbaycan Məktəbində (BEAS) yeni tədris ilinin başlaması münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Pimliko Akademiyasında təşkil olunan tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp və Londonda yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Ceyms Şarp Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi illəri xatırlayaraq, Azərbaycan xalqına və mədəniyyətinə olan dərin sevgisini ifadə edib. O, azərbaycanlı uşaqların və gənclərin ölkənin gələcəyi olduğunu vurğulayıb və onların iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib. Ceyms Şarp Azərbaycan mədəniyyəti və xüsusilə də yeməkləri üçün çox darıxdığını da dilə gətirib. O, həmçinin ötən il Laçına səfəri barədə də təəssüratlarını bölüşüb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında Azərbaycan dilinin və mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb. O, gənc nəsillərin bir araya gəlməsinin sevindirici olduğunu bildirib.

Daha sonra məktəbin gənc tələbələri Azərbaycan dilində şeirlər söyləyib, “Şuşanın dağları” mahnısının müşayiəti ilə milli rəqsimizi ifa ediblər. Qeyd edək ki, Britaniya Avropa Azərbaycan Məktəbində həftəsonları Azərbaycan dili, tarixi, şahmat, milli rəqs, musiqi dərsləri tədris edilir.