21 sentyabr 2024 09:28
374

Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidov Naxçıvan teatrının keçdiyi inkişaf yolundan, ölkəmizdə teatrın inkişafına göstərilən dövlət qayğısında danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.

Ölkə başçısının “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl”, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyasının yaradıldığını diqqətə çatdıran Həsən Seyidov yeni mövsümdə qarşıya qoyulan məqsədlərdən də danışıb.

Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Mirqabil Əkbərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Səməd Canbaxşıyev rejissor, Azər Cəfərli isə musiqi tərtibatçısıdır. Tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada Xalq artistləri - Rza Xudiyev, Yasəmən Ramazanova, Həsən Ağasoy, Əməkdar artistlər – Səməd Canbaxşıyev, Günay Qurbanova, Bəhruz Haxverdiyev və Əbülfəz İmanovla yanaşı Uğur Nəsirli, Məmməd Mehdiyev, Nurlan Sultanlı, Ləman Vəliyeva, Zakir Fətəliyev, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Cəbrayıl Nəbiyev, Anar Eyvazov, Saynur Babayev və digər aktyorlar rol alıblar.

“Ölülər” tamaşası Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyinə həsr olunub.

Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.