20 sentyabr 2024 16:30
480

“Nəsildən-nəslə teatr” davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi davam edir.

“İki sahil” xəbər verir ki,  layihə çərçivəsində keçiriləcək tematik seminarın “Akyorluq: təbiət və paradoks” adlı paneli 26 sentyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq.

Panelin qonağı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlı gənclərlə aktyor sənətinin sirrləri, nəzəri-praktiki əsasları, aktyorun yaradıcılıq psixologiyası, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və s. mövzularda fikir mübadiləsi aparacaq.   

Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.

Giriş sərbəstdir.