19 sentyabr 2024 15:01
100

AZSTAND-ın nümayəndələri ISO-nun illik toplantısında iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Kolumbiyanın Kartaxena şəhərində keçirilən illik toplantısında iştirak edib.

"İki sahil" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, nümayəndə heyəti ISO Baş Assambleyasının 46-cı və İnkişaf etməkdə olan ölkələrə dəstək Komitəsinin (ISO DEVCO) 58-ci iclaslarında, o cümlədən 2025-2027-ci illər üzrə ISO prezident seçkiləri və eyniadlı Şuraya (ISO Council) üzv seçkilərinə qatılıb.

ISO DEVCO-nun plenar iclası çərçivəsində “İnkişaf etməkdə olan ölkələr üzrə 2021-2025-ci illər üçün Fəaliyyət Planı”nın (APDC) icrası məqsədilə hesabat xarakterli panel sessiyası təşkil edilib. DEVCO Sədrinin Məsləhət Qrupunun (CAG) üzvü olan AZSTAND-ın baş direktor müavini Kəmalə Məmmədzadə panel müzakirələrində məruzəçi qismində çıxış edib.

Çıxış zamanı Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) dəstəyi və AZSTAND-ın bilavasitə təşkilatçılığı ilə Azərbaycanda həyata keçirilmiş "Dayanıqlı inkişaf standartları - Enerjinin idarə edilməsi" (“Standards 4 Sustainability – Planet: Energy Management”) layihəsindən bəhs edilib. Sözügedən layihə üzrə əldə edilmiş nəticələr yüksək qiymətləndirilərək digər inkişafda olan ölkələr üçün nümunəviliyi diqqətə çatdırılıb. Bundan əlavə, ISO 50001:2018 “Enerji idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin əhəmiyyətindən söz açılıb. Bu standartın enerji effektivliyi, təhlükəsizliyi və istehlakı da daxil olmaqla, enerji sisteminin yaxşılaşdırması üçün üstünlüklərindən bəhs olunub.

Toplantı çərçivəsində AZSTAND-ın nümayəndəsi “Daha yaxşı gələcək üçün yeni nəsil” (Next generation for a better future) adlı sessiyada iştirak edib. Sessiyada gələcək nəslin standartlaşdırmada fəal iştirakı, o cümlədən texnologiyanın inkişafında standartlaşdırmanın rolu və faydaları ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının, eləcə də Qazaxıstan, Özbəkistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Çinin standartlaşdırma qurumlarının, Amerika Test Materialları Cəmiyyətinin (ASTM) və İstehlakçı Siyasəti Komitəsinin (ISO COPOLCO) nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. ISO COPOLCO heyəti ilə görüş zamanı Komitədə AZSTAND-ın iştirakının genişləndirilməsi və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müvafiq standartların qəbulu istiqamətində müzakirələr aparılıb.

Standartlaşdırma sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutu və Yunanıstan Standartlaşdırma Təşkilatı (NQIS/ELOT) arasında Anlaşma Memorandumu imzalanıb.