19 sentyabr 2024 10:15
121

Bakı iqlim dəyişikliyi ilə mübarizədə mühüm platforma rolunu oynayacaq

Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq miqyasda baş verən müxtəlif hadisələrə öz ədalətli mövqeyini nümayiş etdirən, iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi sahəsində görüləcək işlərin daha da sürətləndirilməsinə fəal dəstək verən bir ölkə kimi tanınır

Qlobal iqlim dəyişikliyi ilə mübarizədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) böyük əhəmiyyət daşıyır. Hər il dünya ölkələri bir araya gələrək planetdə canlı aləmi təhdid edən bəlaya qarşı effektiv mübarizə üçün müzakirələr aparır, təkliflər irəli sürür, öhdəliklər müəyyən edirlər. Hər il bir ölkədə keçirilən COP tədbirlərinə bu il Azərbaycan ev sahibliyi edəcək. Sayca 29-cu sessiyanın keçiriləcəyi Bakı şəhəri təxminən iki həftə ərzində iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik üçün mühüm platforma rolunu oynayacaq.

Təsadüfi deyil ki, Azərbaycan ekoloji prosesləri müsbətə doğru dəyişməyə çalışan azsaylı ölkələr sırasındadır. Ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Həmçinin Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə COP29 beynəlxalq tədbirinə verilən dəyərin, o cümlədən yaşıl və sağlam gələcək naminə atılan addımların bariz nümunəsidir.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən az sonra - 2021-ci il fevralın 2-də Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet təsdiqləndi. Bunlardan biri də təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi adlanırdı. Bu hədəfə çatmaq üçün qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin təmizlənməsinin təşviqi diqqətdə saxlanılır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilir. İşğaldan qurtulub həqiqi sahiblərinə qaytarılmış torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli enerji siyasətimizin prioritetidir.

Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Atmosferə atılan tullantıların sıfıra endirilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, ətraf aləm üçün zərərsiz texnologiyaların tətbiqinin sürətləndirilməsi daha keyfiyyətli yaşayış şəraitinin yaradılmasına təkan verən tədbirlərdəndir. Sözügedən çağırışların müsbət nəticə verməsi üçün dünya ölkələri tərəfindən alternativ enerji mənbələrindən istifadə son bir ildə yüksək həddə çatıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına əsasən, dünyanın bərpaolunan enerji potensialı 2023-cü ildə 50 faiz çoxalaraq 510 QVt-a çatıb ki, bu da son üç onillikdə ən sürətli artımdır. COP28-də vurğulandığı kimi, 2030-cu ilə qədər bu sahədə qlobal potensialın üç dəfə artımı məqsədinə nail olmaqdan ötrü real şans var. Proqnozlara əsasən, günəş panelləri və külək 95 faizlik artım göstəricisi ilə yaxın vaxtlarda kömürü geridə qoyaraq elektrik enerjisi istehsalının ən böyük mənbəyinə çevriləcək. Bu da qlobal bərpaolunan enerji tutumunun növbəti beş il ərzində 7300 QVt-a yüksələcəyini göstərir. Əlbəttə, sadalanan nikbin və xoşməramlı fəaliyyətdə ölkəmizin də öz payı var. Bu onu göstərir ki, "yaşıl dünya"ya xüsusi töhfələr vermək niyyətimiz səmimi və davamlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli enerji siyasətimizin əsas istiqamətidir. Alternativ enerji ehtiyatlarının həcmi də bu sahədə dönüş yaratmağa və iqlim dəyişikliyi ilə mübarizədə cəhdlərə ciddi əsaslar verir. 2023-cü ilin oktyabrında Xəzər dənizi və Qafqaz regionunda ən böyük Günəş elektrik stansiyası sayılan 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidro-elektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatacağı gözlənilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri ilə birlikdə günəş və külək enerjisindən istifadəni təmin edəcək layihələr reallaşdırılır. Təmiz ekoloji mühitə dəstək çərçivəsində SOCAR tərəfindən hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, emissiya intensivliklərinin azaldılması, "Sıfır metan", 2050-ci ilə qədər "Xalis sıfır" (Net Zero) kimi hədəflər müəyyənləşdirilib. Sözügedən sahədə fəallığımız beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır, iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyətimiz qlobal səviyyədə təqdir edilir. Xarici ekspertlər Azərbaycanın külək və günəş enerjisinə investisiyalarla "yaşıl gündəliy"ə sadiqliyini, Xəzər dənizindəki külək stansiyalarından əldə edilən "yaşıl enerji"nin Avropaya ötürülməsi üçün Qara dənizin altından elektrik kabelinin çəkilməsi istiqamətində tədbirləri və COP29-dan yüksək gözləntiləri xüsusi vurğulayırlar. Həmin açıqlamalar respublikamızın ənənəvi enerjidən bərpaolunan enerjiyə keçidi təşviq edən başlıca aktorlardan birinə çevrildiyini təsdiqləyir.

Sevinc Azadi, “İki sahil”