17 sentyabr 2024 23:57
212

İgidlik zirvəsi

Cəmil Qurbanzadə. Bu ad indi özündə bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadır. Astara şəhərində dünyaya göz açan elin qəhrəman oğlu 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi Azərbaycan–Ermənistan sərhəd toqquşması zamanı Vətən naminə mərdliklə döyüşüb qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Sinəsini Ana Vətənə sipər edib məkrli düşmənə layiqli cavab verəndə Cəmil ömrünün 19-cü baharında idi . Həyat yolu nə qədər qısa olsa da, özündən sona olduqca şərəfli, heç zaman silinməyəcək bir tarix yazıb getdi. Vətənə sonsuz məhəbbət mücəssəməsinə dönən, Günəş ömrü yaşamaqla əbədi ürəklərə köç edən qəhrəman həm də dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda” medalına layiq görülüb.

Astara Pedaqoji Kollecinin direktoru, professor şəhid atası K. Kazımov və bir qrup əməkdaşı şəhid Cəmil Qurbanzadənin anım günü münasibətilə boya-başa çatdığı ailə ocağında olub, uyuduğu məzarın ziyarət etməklə önünə tər güllər düzüblər.

Çıxışlar zamanı bildirilib ki, sentyabrın 12-si gecədən başlayaraq erməni quldurları respublikamızın dövlət sərhədlərinin Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətində genişmiqyaslı təxribata əl atıblar. Şanlı ordumuzun əsgər və zabitləri böyük rəşadət göstərərək, ölüm-dirim savaşında yağını məhv edib onların bütün arzularını ürəyində qoyublar. Təxribatın qarşısını alarkən qəfil atılan yağ gülləsinə tuş gələn qeyrətli oğullarımız da olub. Bu, Vətən sevdalılardan biri də şücaəti dillərdə dastan olan Cəmil Qurbanzadədir. Cəmil ölməyib, o, cismən aramızdan gedib. Şərəfli ölümü ilə ürəklərdə əzəmətli abidə ucaldan qəhrəmanın adında Vətənə ilahi bir sevgi yaşayır. Şəhid Cəmil qərinələr boyunca xalq tərəfindən hər an ehtiramla xatırlanar, keçdiyi yol hər bir gəncə həyat məktəbi olar.

O da məlum olsun ki, Astara elinin igid oğlu Cəmil Qurbanzadə şəhər 2 saylı tam orta məktəbini bitirib 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında əsgər yaşına çatıb və ordu sıralarına yola düşüb. Xidmət zaman ilk gündən fəallığı, nizam-intizamı ona hörmət qazandırıb. Vətənini canından artıq sevməklə göz-bəbəyi kimi qoruyub Həmçinin onun igidliyi, mərdliyi, dürüstlüyü bütün əsgər yoldaşlarına nümunə göstərilib. Tərxis olmağına 18 gün qalmış şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü