13 sentyabr 2024 16:05
282

Ağdamda növbəti səyyar qəbul keçirilib

Bu gün Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun İmamqulubəyli kəndində səyyar qəbul keçirib. 

“İki sahil” xəbər verir ki, görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. 

Qəbulda çıxış edən RİH başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. 

V. Həsənov Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. 

İcra başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.