11 sentyabr 2024 18:01
275

Bahar Muradova Beynəlxalq Qadınlar Forumunda çıxış edib - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Çinin Çindao şəhərində keçirilən "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu çərçivəsində baş tutan plenar iclasda çıxış edib.

“İki sahil” xəbər verir ki,  Bahar Muradova Çinlə Azərbaycan arasında qədim İpək Yolundan başlayan əlaqələrin hazırda iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə bəyannamə ilə möhkəmləndirildiyini diqqətə çatdırıb. Xanım sədr Forum təşkilatçılarının rəqəmsallaşma vasitəsilə qadınlara dəstək təşəbbüslərini yüksək qiymətləndirib və Azərbaycanın rəqəmsallaşma sahəsində ən yüksək standartları hədəfləyən islahatlar, yeni texnologiyaların tətbiqi nəticəsində qadınların iqtisadi fəallığının artırılması istiqamətində görülən işlər, həyata keçirilən tədbir və layihələr barədə məlumat verib.

Bahar Muradova, işğaldan azad olunan torpaqlarda yaradılan yeni infrastruktur layihələrindən danışarkən vurğulayıb ki, rəqəmsal xidmət və innovasiya mərkəzləri, inkubasiya proqramları tətbiq etməklə inkişafa böyük zəmin yaradılır.

B.Muradova, ölkəmizin bu sahədə Avropa və Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq, ŞƏT çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradan belə təşəbbüsləri alqışlayıb.

Rəqəmsallaşmanı qadınların iqtisadi hüquqlarının genişləndirilməsi və imkanlarının artırılması üçün güclü vasitə, eləcə də onların birgə səsi üçün bir tribuna adlandıran sədr, bu sahədə maneələrin hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə səyləri ilə aradan qaldırılmasının mümkün olacağını vurğulayıb.

Çıxışının sonunda Komitə sədri Cənubi Qafqaz regionunda daimi və dayanıqlı sülh gündəliyini irəli aparan Azərbaycanın bu gün işğalın nəticələrini aradan qaldırmağa, 30 il ərzində münaqişədən təsirlənmiş vətəndaşlarının pozulmuş hüquqlarının bərpasına çalışdığını diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan iqlim dəyişikliklərinin insanlara təsirlərini azaltmağa yönəlmiş birgə və kollektiv cavab tədbirlərinə ev sahibliyi edir və hazırda COP29 kimi nüfuzlu bir tədbirin hazırlıq işlərinin ən vacib mərhələsinə qədəm qoyub.