10 sentyabr 2024 10:48
223

Bakı Biznes Universiteti alman tələbələr üçün yay məktəbinə start verib - FOTO

Məqsəd tələbələrdə sahibkarlıq bacarıqları və düşüncə tərzini inkişaf etdirmək, onları müasir iş mühitində uğur qazanmaq üçün zəruri bilik və bacarıqlarla təmin etmək, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış etməkdir

Bakı Biznes Universiteti DAAD Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlıq çərçivəsində alman tələbələr üçün "Inno-East Entrepreneurship Bootcampı" adlı yay məktəbinə start vermişdir.

Alman tələbələrlə ilk görüşdə yay məktəbi haqqında qısa məlumat verən Bakı Biznes Universitetinin prorektoru Eşqin Bayramov iki həftə ərzində keçiriləcək təlimlərdə tələbələrə uğurlar arzuladı. 2 - 14 sentyabr 2024-cü il tarixlərində keçiriləcək bu intensiv proqram tələbələrdə sahibkarlıq bacarıqları və düşüncə tərzini inkişaf etdirmək, onları müasir iş mühitində uğur qazanmaq üçün zəruri bilik və bacarıqlarla təmin etmək, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış etmək məqsədi daşıyır.  

Tələbələr proqram müddətində Azərbaycan dili kursuna cəlb olunacaqlar

Proqram iştirakçılarına müvafiq sahələr üzrə peşəkar təlimçilər tərəfindən “Sahibkarlıq fəaliyyəti və sahibkarlıq düşüncəsi”, “Dizayn düşüncə tərzi və prototipləşdirmə”, “Brendinq və marketinq – şəxsi brendin yaradılmaslı”, “Marketinq planının hazırlanması”, “Dayanıqlılıq və sirkulyar iqtisadiyyat”, “Biznesdə böhranların idarə edilməsi”, “Texnoloji innovasiyaların və yaradıcılığın idarə edilməsi”, “Biznes müəssisələrində xərclər və mənfəətlilik, “Azərbaycanda sosial sahibkarlıq”, “Kanvas Biznes Modeli” kimi əhəmiyyətli mövzuları əhatə edən bir sıra praktiki seminarların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda tələbələr proqram müddətində Azərbaycan dili kursuna da cəlb olunacaqlar. 

Əcnəbi tələbələr yay məktəbi çərçivəsində Qız Qalası, Şirvanşahlar Sarayı, Atəşgah Məbədi kimi tarixi məkanlara, Ulu Öndərin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq üçün Heydər Əliyev Mərkəzinə və Azərbyacanın tarixi-mədəni ənənələrə malik olan qədim şəhər və rayonlarına səfərlər edərək ölkəmizin zəngin  mədəni irsi ilə tanış olaraq yerli mədəniyyəti daha dərindən öyrənəcklər.
İştirakçılar, həmçinin Kiçik və Orta Biznes İnkişafı Agentliyinə, Azərbaycanın aparıcı biznes inkubasiya mərkəzi olan INNOLAND-ə, Azərsun Holdinqə və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına səfərlər edərək startup ekosistemi haqqında geniş məlumat alacaq və uğurlu sahibkarlar ilə görüşmək imkanı əldə edəcəklər.