Noyabrın 19-da Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana səfəri baş tutdu. Səfərin ölkəmiz, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində rolunun vacibliyi haqqında suallarımızı siyasi şərhçi Arzu Nağıyev cavablandırır
- Arzu müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin pərdə arxası məqamları nədən ibarət idi?
-Ümumiyyətlə, hər kəsə yaxşı məlumdur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xeyli sayda bəyanatlarına baxmayaraq, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli sanki dalana dirənmiş vəziyyətdədir. Bu vəziyyətdən çıxmaq üçün təbii ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər müvafiq addımlar atmalıdırlar. Məhz Lavrovun Azərbaycana səfərinin əsas məqsədi bu məsələ idi. Baxmayaraq ki, səfərin əsas məqsədi kimi Azərbaycan-Rusiya, eləcə də Rusiya-Ermənistan arasında diplomatik anlaşmanın 25 illiyi göstərilmişdi. Amma əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlardır. Təsadüfi deyil ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun görüşündə də bu məsələ ön planda idi. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də məlum münaqişənin həllində mühüm addımlar atılmasının vacibliyini bir daha Rusiya xarici işlər nazirinə çatdırdı. Daha sonra Lavrovun İrəvana səfəri çərçivəsində Nalbadyanla görüşü oldu.
Bildiyiniz kimi, Rusiya hər yerdə SSRİ-nin sələfi kimi çıxış edir. Bu münaqişənin yaranmasında SSRİ-nin rolu olduğuna görə, həllində də Rusiyanın addım atmağı normal qarşılanmalıdır. Bu, həm də onun nüfuz məsələsidir. Rusiya regionda öz nüfuzunu möhkəmləndirməyə çalışır. Bu istiqamətdə də ən mühüm şans Dağlıq Qarabağ münaqişəsinin həllidir. Təbii ki, hər kəs düşünə bilər ki, əgər Rusiya sülhməramlı missiyanı yerinə yetirirsə, bütün dünyaya bunu sübut edirsə, niyə də regionda sülhə nail olunmasın ?! Həm də Qərb yaxşı bilir ki, münaqişənin həllində Rusiya açar rolunu oynayır. Baxmayaraq ki, Rusiya rəhbərliyi dəfələrlə təkrarlayır ki, biz açar fiqur deyilik. Amma elədir. Çünki hər kəs yaxşı bilir ki, Ermənistan Rusiyanın vassalıdır. Ermənistanda baş verən hadisələr, tələbələrin əsgərliyə çağırılması ilə bağlı böyük problemlər, eyni zamanda miqrasiya məsələlərində kəskin gerilik göstərir ki, işğalçı ölkədə vəziyyət ağırdır. Sarkisyan bəyanatla çıxış etdi ki, 2040-cı ilə qədər bu millətin sayını 4 milyona çatdırmaq lazımdır. Baxmayaraq ki, statistik rəqəmlər əhalinin sayını 3 milyon yarım göstərir, amma orada heç bir milyon yarım əhali qalmayıb. Bütün bunları Rusiya çox gözəl başa düşür.
Digər bir maraqlı məqam isə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Azərbaycanda çıxış edən Lavrovun fərqli fikirləri oldu. O, Azərbaycanda problemin həll olunması addımlarına nikbin baxdığını desə də, İrəvanda problemin həlli məsələsinə nikbin baxa bilmədiyini dedi. Burada da müəyyən məqamlar var. Çünki Lavrovun Dağlıq Qarabağın separatçı rejiminin rəhbərliyi ilə isti münasibətləri var. Eyni zamanda, bu məsələni Lavrov şəxsən həll edə bilməz. Rusiya rəhbərliyinin iradəsindən çox şey asılıdır.
- Azərbaycan hər dəfə bəyan edir ki, problemin həllin ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Amma qarşı tərəf xüsusilə beş rayonun qaytarılması məsələsini ön planda saxlayır. Maraqlıdır, niyə məhz beş rayon?
-Bu, doğrudan da çox maraqlı məqamdır. Baxın, beş rayon hansılardır: Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı. Həmin rayonların demək olar ki, hamısı Ağdamı çıxmaq şərtilə İranla həmsərhəddir. Azərbaycanın işğal olunmuş ərazilərindən İranla 143 km olan sərhəddinə heç bir dövlət tərəfindən nəzarət olunmur. Bir müddət sonra əgər İran sərhədlərin demokratiyası məsələsini önə çıxarsa, bu, artıq beynəlxalq səviyyədə müzakirə olunacaq bir problem ola bilər. Ermənistan bunu çox gözəl başa düşür və buna görə də sözügüdən məsələdə özünü sığortalamağa çalışır. Guya həmin rayonlar İranla bufer zonasıdır. Biri-birindən bir mərmi qədər uzaqlıqdadır. Gələcəkdə regionda təhlükəsizliyə təhdid yarada bilər. Bax, beş rayonun məsələsi bundan ibarətdir. Biz də sual verə bilərik ki, niyə Kəlbəcər yox? Çünki ermənilər bu gün də Kəlbəcərin təbii sərvətlərini talamaqla məşğuldurlar. Təbii ki, bütün bunlar Azərbacan rəhbərliyinə yaxşı məlumdur.
- Rusiya-Türkiyə prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrini necə şərh edərdiniz?
- Bilirsiniz ki, bu gün çox yüksək tribunalardan Azərbaycanın sözünü deyən tək bir dövlət varsa, o da Türkiyədir. Türkiyə bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atmağa çalışır. Həm də yaxşı başa düşür ki, NATO-nun üzvü olaraq Rusiya ilə əlaqələrin möhkəmlənməsinə Qərb birmənalı baxmır. Lakin bütün layihələrin həyata keçirilməsində əsas məsələ regionda təhlükəsizliyə təhdidin qarşısını almaqdır. Həm Türkiyə, həm də Rusiya regionda xüsusi əhəmiyyətə malik olan ölkələrdir. Qərbin enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında hər iki dövlət mühüm səy göstərir. Türkiyə Azərbaycanla həm strateji müttəfiqdir, həm də dili, dini bir olan dost dövlətdir. Məhz buna görə də Türkiyə də maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Eyni zamanda, başa düşür ki, bu məsələdə əsas fiqur Rusiyadır. Baxmayaraq ki, plan tam alınmır. Amma istənilən halda Türkiyə mühüm addım atdı. Təqdirəlayiq haldır.
- Əvvəldə qeyd etdiniz ki, beynəlxalq təşkilatların bəyanatlarına baxmayaraq, məlum münaqişənin həllində irəliləyiş yoxdur. Son vaxtlar bu kimi problemlərin həllində tez-tez “yumşaq diplomatiya”, “xalq diplomatiyası” və s. kimi anlayışlar səslənir. Bu üsuldan hər hansı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə olunurmu?
-Bilirsiniz, son vaxtlar müharibələr təkcə səngərlərdə getmir. Ən böyük itkili müharibədənsə, mühüm sülh daha önəmlidir. Yəni, bu gün nəyin bahasına olursa olsun erməni rəhbərliyini masa arxasına əyləşdirmək lazımdır. İstər güc, istərsə də digər vasitələrlə. Bu gün müharibə həm səngərlərdə, həm də diplomatik səviyyədə gedir. Qeyd etdiyiniz kimi, diplomatiyada “yumşaq” və “sərt” güc kimi anlayışlar var. Yumuşaq güc odur ki, hansısa dövlət ətrafına bunun məqsəd və məramını qəbul edən dövlətləri cəlb edir, bu birliyin hesabına təsir mexanizmindən istifadə edir. Eyni zamanda, xalq diplomatiyası anlayışı var. Burada artıq hər hansı münaqişənin həllində təkcə hüquq mühafizə orqanları deyil, o cümlədən mədəniyyət xadimlərinin, eləcə də ölkənin qeyri-rəsmi strukturları da səy göstərirlər. Biz ərazi bütövlüyü çərçivəsində istənilən addımı atmağa hazırıq. Buna görə də bütün vasitələrdən istifadə etmək lazımdır. Təbii ki, bəzi dövlətlər dediyimiz yumşaq güc adı ilə sərt addımlar atmağa çalışırlar. Düşünürəm ki, hərbi yolu da saxlamaq lazımdır. İstər xalq, istərsə güc diplomatiyası olsun, bütün vasitələrdən istifadə etmək lazımdır. 2016-cı ili aprel hadisələri göstərdi ki, Ermənistanı danışıqlar masasına oturtmağın əsas yolu məhz hərb yoludur.
Şəfiqə Dadaşova, “İki sahil”