10 sentyabr 2024 10:32
441

Separatizmə 23 saat 43 dəqiqədə son qoyan antiterror tədbirləri!

Torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Şanlı ordumuz məhz öz gücü hesabına Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 

44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. 2020-ci ildə cəmi 44 gün ərzində havada da, quruda da düşmənin canlı qüvvəsini, hərbi texnikasını məhv edən Silahlı Qüvvələrimiz ilk "smart müharibə" aparan ordu kimi də adını dünyanın hərb salnamələrinə yazdı.

Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatla başa çatdı. Xatırladaq ki, Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.

İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Postmüharibə dönəmində Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də,  Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində nəinki öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı, əksinə bura əlavə canlı qüvvə və hərbi texnika yerləşdirdi. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı haqlı narahatlığını ifadə edərək dəfələrlə  rəsmi İrəvana, onların xaricdəki havadarlarına və digər tərəflərə  mesaj verərək bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır.

Onu da vurğulamaq yerinə düşər ki, separatçıların Qarabağda qeyri - qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olurdu.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 2023-cü ilin 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" nəzarət-buraxılış məntəqəsi yaratdı.

İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Xüsusi olaraq qeyd etməliyik ki, antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimizin qəhrəmanlığı, peşəkarlığı  nəticəsində qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə edildi. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edildi və məlumat vərəqələri paylanıldı. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi.

 Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşə gəlməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejiminin “rəhbəri” Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yekunlaşdı.

44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror tədbirləri nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması naminə həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. 

Qərbi Azərbaycan İcması da bəyanatında hər zaman olduğu kimi, bir daha özünün fəal mövqeyini nümayiş etdirərək rəsmi İrəvanı hərbi təxribatlara görə qınayıb, Ermənistanın sülh üçün real və səmimi addımlar atmalı olduğunu diqqətə çatdırıb.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən şanlı səhifələridir. Məhz bu zəfərlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təmin etmiş oldu. Dünyaya sübut etdik ki, Azərbaycan haqqı, ədaləti və beynəlxalq hüququ bərpa etmək gücündədir.  Prezident İlham Əliyevin titanik hərbi-siyasi və diplomatik səyləri nəticəsində 44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan Ordusu 30 illlik torpaq həsrətinə son qoyaraq tarixi Zəfərə nail oldu. Azərbaycan bu prosesi öz gücünə - Silahlı Qüvvələrinin qətiyyəti, xalq-dövlət birliyinin təminatı ilə reallaşdırdı. İllərdir ki, hərbi gücünü, qüdrətini artıran, yeni, müasir silahlarla arsenalını zənginləşdirən, hərbi kadr potensialını gücləndirən Azərbaycanın Ordusunun bu müharibədə göstərdiyi rəşadət günü bu gün də bütün dünya tərəfindən etiraf və təqdir edilir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda qarşıda dayanan hədəfləri açıqlayarkən ordumuzun daha da gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd edir. 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən bildirdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim: “Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz.”

Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən qüdrətli hərbi gücləri sırasına yüksəlib. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında qərarlaşıb. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatına bundan sonra da böyük töhfə verəcək. Hər zaman malik olduğu yüksək döyüş əzmi, ruhu dünya orduları arasında qabaqcıl mövqeyini qoruyub saxlamasına şərait yaradacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”