05 sentyabr 2024 15:04
148

“Tənha qadınların sosial fəallığının artırılması” layihəsi həyata keçirilib

Damla Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən “Tənha qadınların sosial fəallığının artırılması” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində təlimlər iyul ayı ərzində ölkə üzrə 3 fərqli regionda, ümumilikdə 40-dan çox tənha qadınlarla birgə həyata keçirilib. Lənkəran, Qəbələ və Zaqatala rayonunda məskunlaşmış qadın benefisiarlar üçün layihə işi təşkil edilib.

Layihə müddətində ilk gün iştirakçı qadınların təlimlərə adaptasiyası, onların şəbəkələşməsini təmin etmək, həmçinin problemləri, qarşılaşdıqları çətinliklər haqqında danışmaq və emosional narahatlıqlarını aradan qaldırmaq üçün psixoloqla kollektiv görüşlər baş tutmuş, psixoloq iştirakçıları analiz edərək onlara fərdi məsləhətlər vermişdir. İştirakçıların ünsiyyət bacarıqlarının inkişafı, sosial fəallıqlarının artırılması istiqamətində müxtəlif komanda işləri və maarifləndirici video çarxlar izlənilmişdir.

Təlimlərin ikinci günü iştirakçılar potensialların üzə çıxarılması, qadınların liderlik bacarıqlarının artırılması, idarəetmə və bu kimi yumşaq bacarıqlarla bağlı təlimlərdə iştirak ediblər. Bununla yanaşı qadınların sosial rifahının yaxşılaşdırılması üçün  potensial sahibkarlıq ideyaları dinlənilmiş, onların ideyalarını reallaşdırılmaları üçün müxtəlif istiqamətlər müzakirə olunmuşdur.

Layihənin əsas məqsədi regionlarda yaşayan tənha qadınların cəmiyyətə sosial inteqrasiyasına dəstək olmaq, onların savadlılıq səviyyəsini artırmaq, sahibkarlıq imkanları haqqında məlumatlandırmaqla onların rifahını və sosial-iqtisadi imkanlar barədə məlumatlılıq səviyyəsini artırmaqdır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.