03 sentyabr 2024 16:32
268

Beş Avropa universitetindən qəbul alan BMU məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin kimya mühəndisliyi ixtisası üzrə builki məzunu Gözəl Hümbətzadə Avropanın 5 nüfuzlu universitetindən qəbul alıb. Almaniyanın Ulm, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London Universitet Kolleci (UCL), Qlazqo, Krenflid, Aberdin universitetlərinin magistraturasına qəbul olan BMU məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb.

BMU-dan "İki sahil"ə bildirilib ki, o, təhsilini Almaniyanın Ulm Universitetində kimya mühəndisliyi ixtisası üzrə davam etdirmək qərarı verib.

G.Hümbətzadə BMU-da təhsil aldığı illərdə (2020-2024) elmi tədqiqatlara dərin maraq göstərib. V Beynəlxalq Tələbə Araşdırmaları və Elm Konfransı” adlı müsabiqədə “Enerji keçidi və bərpaolunan enerji” kateqoriyasında bərpaolunan enerji barədə araşdırması ilə uğur qazanıb. Həmçinin BMT-nin İqlim Konfransı, Türk Dövlətlərindən olan Beynəlxalq Gənc Könüllülər Məktəbi və digər beynəlxalq tədbirlərdə Azərbaycanı Gənc İqlim Elçisi olaraq təmsil edib.

G.Hümbətzadə, həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Missiya-2030” kimi müxtəlif hakatonlarda iştirak edib. BMU məzunu, eləcə də builki “TEKNOFEST” yarışının seçim mərhələsinin finalında qalib olub və sentyabrın 5-8-də Türkiyədə keçiriləcək yarışda iştirak hüququ qazanıb.