03 sentyabr 2024 09:39
216

5G şəbəkəsi Qazaxıstanın bütün regional mərkəzlərini əhatə edəcək

2025-ci ilin sonuna kimi 5G şəbəkəsi bütün respublika əhəmiyyətli şəhərləri və rayon mərkəzlərini əhatə edəcək.

“İki sahil” Kazinform-a istinadla xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Astanada UNESSCAP tərəfindən təşkil olunan Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə birinci Asiya-Sakit Okean Nazirlər Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qazaxıstan dünyanın ən çox rəqəmsallaşan 30 ölkəsi sırasındadır və göstərilən onlayn xidmətlərə görə 8-ci yerdədir: “Bütün dövlət xidmətlərinin 90%-dən çoxu mobil cihazlardan əhaliyə təqdim olunur. 2025-ci ilin sonuna kimi 5G şəbəkəsi bütün respublika əhəmiyyətli şəhərləri və rayon mərkəzlərini əhatə edəcək. Bu yaxınlarda Qaraqanda şəhərində bir binada müxtəlif təşkilatların tam çeşidli xidmətlərini təqdim edən Vətəndaşlara Komfortlu Xidmət Mərkəzi açılmışdır. Belə mərkəzlər ölkənin bütün böyük şəhərlərində genişləndiriləcək”.

Baş nazir bildirib ki, 2029-cu ilin sonuna qədər ölkədə əhalinin və biznesin rəqəmsal resurslara bərabər çıxışını təmin edəcək tam hüquqlu ekosistemin qurulması planlaşdırılır: “Öz elektron resurslarımızı yaratmaq üçün süni intellekt məhsulları hazırlanır”.

Qeyd edək ki, Astanada UNESSCAP tərəfindən təşkil olunan Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə birinci Asiya-Sakit Okean Nazirlər Konfransı işə başlayıb.

Məlumata görə, konfrans Asiya-Sakit Okean regionunda daha inklüziv rəqəmsal iqtisadiyyat və cəmiyyətləri təşviq etmək, həmçinin rəqəmsal əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Sentyabrın 5-dək davam edəcək tədbir 30-dan çox ölkədən rəqəmsal inkişaf liderlərini bir araya gətirəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”