30 avqust 2024 23:30
317

İlin birinci yarışında Qazaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 32 fakt aşkar edilib

Bu gün ölkəmizdə  narkotiklərin  qanunsuz  dövriyyəsi  və onlara  qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da genişləndirilməsi və beynəlxalq əməkdaşlığın əhatə dairəsinin artırılması dövlət başçısının daim diqqət mərkəzindədir.

Narkomanlığa qarşı  mübarizədə səmərəliliyə nail olmaq  üçün  aidiyyəti  dövlət  orqanları  arasında qarşılıqlı əlaqələrin  təşkil edilməsi  və  nəzarət mexanizminin həyata keçirilməsi məqsədi ilə yaradılmış Dövlət Komissiyası və onun İşçi Qrupu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu  istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın və Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın 2024-cü ilə dair İş Planının bəndlərinin icrasından irəli gələn vəzifələrə uyğun olaraq kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmiş, bu sahədə mübarizəni gücləndirmək məqsədilə müzakirələr aparılmışdır. Maarifləndirici tədbirlərdə narkomaniyanın törətdiyi fəsadlar, narkotik vasitələrin zərəri, insan və cəmiyyət üçün yaratdığı problemlər, eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə əlaqədar görülmüş tədbirlər barədə çıxışlar edilmişdir.

2024-cü ilin əvvəlində Qazax rayonu üzrə 229 nəfər narkomaniya diaqnozu ilə xəstə dispanser qeydiyyatda olmuşdur. Cari ilin birinci yarısı ərzində 16 nəfər narkomaniya diaqnozu ilə xəstə qeydiyyata götürülmüşdür. Hazırda rayon üzrə 245 nəfər Narkomaniya diaqnozu ilə xəstə dispanser qeydiyyatdadır.

2024-cü ilin birinci yarımili ərzində Qazax Rayon Polis Şöbəsi  tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 32 fakt aşkar edilmişdir. Onlardan 28-i cinayət faktı,  4-ü isə inzibati xəta olmuşdur. Ümumilikdə 5.923,374 qram (5 kq 923,374 qram) narkotik vasitələr dövriyyədən çıxarılmışdır. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 796,994 qram çoxdur.

Narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsinin və yabanı halda yayılması hallarının qarşısının alınması məqsədilə, “Xaşxaş-2024” şərti adı altında rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində 8 fakt aşkar edilmiş, onlardan 2 fakt narkotik tərkibli çətənə bitkilərinin əkini və kultivasiyası olduğu üçün cinayət işləri başlanaraq istintaq aparılır. Qalan 6 fakt üzrə isə rayon ərazisində ümumilkdə 35850 ədəd yabanı halda bitmiş, ümumi yaş halda çəkisi 17 ton 807 kiloqram olan narkotik xassəli çətənə bitkisi kolları aşkar olunaraq kökündən çıxarılmış və yandırılaraq məhv edilmişdir.

Eyni zamanda, Qazax Rayon Polis Şöbəsi tərəfindən 2024-cü ilin birinci yarımili ərzində ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbirlər keçirilmiş, mövzu ətrafında geniş mühazirələr oxunmuş və profilaktiki söhbətlər aparılmışdır. Rayon Polis şöbəsinin rəisinin və digər aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə rayonun 11 tam orta məktəbində şagirdlərlə və Bakı Dövlət Universitetinin Qazax Filialında tələbələrlə “Narkomaniyaya yox deyək” devizi altında görüşlər keçirilərək profilaktiki söhbətlər aparılmışdır.

Rayonun ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində narkomanlığa qarşı mübarizə ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, risk qrupuna daxil olan uşaqlar barədə məlumatlar hər bir məktəb üzrə müəyyən edilmiş, məktəb rəhbərləri və psixoloqlara görüləcək işlər barədə tapşırıqlar verilmişdir. Eyni zamanda, narkomanlığa qarşı mübarizə ilə bağlı ümumtəhsil məktəblərində şagirdlər arasında onlayn söhbətlər aparılmış, videoçarxlar nümayiş etdirilmişdir.

Hesabat dövründə rayonda fəaliyyət göstərən gənclər təşkilatları tərəfindən yeniyetmə və gənclərin siyasi, mənəvi tərbiyəsinin təkmilləşdirilməsi, onların sosial, intellektual, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahələrinə yönəldilmiş bir sıra tədbirlər keçirilmişdir. O cümlədən narkomanlığın qarşısının alınması, bu sahədə təbliğat və maarifləndirmə işinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi istiqamətində gənclər təşkilatları tərəfindən birgə iş aparılmış, müxtəlif mövzularda tədbirlər keçirilmişdir.

Məmməd Alıyev,
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri