Alaşa kəndi cənub qapımız Astaranın qədim yaşayış məntəqəsidir. Uzaq keçmişə malik olan tarixi məkan- Əlişah qalası məhz bu ərazidə qərar tutub. Yerli əhali arasında bura həm də “Divəkə” qalası kimi tanınır. “Divəkə” talış sözüdür, mənası “divlər evi” deməkdir. Kəndən 70 metr hündürlükdə yerləşən qala qonşu İranla həmsərhəddir. Onu da bildirim ki, buradan Xəzər dənizi tam aydın şəkildə görünür. Bu da onu göstərir ki, ərazi müşahidə qalası kimi düzgün strateji mövqedə ucaldılıb .
Qalada həyata keçirilən arxeoloji qazıntılar zamanı yeni maddi mədəniyyət nümunələri üzə çıxıb. Belə ki, miniatür saxsı materiallardan hazırlanan, əsasən XII-XIV əsrləri əhatə edən kasalar və saxsı borudan ibarət kanalizasiya xətti aşkarlanıb. Tapıntılar həm də ona işarədir ki, burada çox möhtəşəm memarlıq üslubunda bir bina tikilib.
Ekspedisiyanın üzvü Ülkər Camalova söhbət zamanı dedi:- Tədqiqata iyulun 15- dən başlanıb. Artıq qazıntının təməlinə gəlib çatmışıq. Tapıntılar içərisində fayans tipli keramika nümunələri üstünlük təşkil edir. Kaşı nümunələri XII əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər məhz firuzəyi rəngdə daha çox olub. XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər artıq bu rəng çalarları genişlənməyə başladı. Tünd-göy, mavi, qara, ağ rəngli nümunələrə geniş rast gəlinir. Azərbaycanda kaşının ən gözəl nümunələrinin istehsalı XIII əsrdən başlayıb. Cənubi Azərbaycanda, hazırda Marağa şəhərində, Qırmızı Gümbəz adlanan abidədə mövcuddur. Təbrizdəki Göy məsciddə də kaşılardan geniş istifadə olunub. Naxçıvanda Möminə xatın türbəsinin dekorativ-estetik görünüşünü kaşılar bəzəyib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü