“Rossiya” telekanalında özünün tok-şousunun yeni buraxılışında həkim Aleksandr Myasnikov alma və armudun şəkərli diabet xəstələri üçün faydalarından danışıb. O, bu meyvələrin kalorili olması ilə bağlı miflərə aydınlıq gətirib və onların orqanizmə nə üçün dəyərli olduğunu izah edib.
Myasnikov vurğulayıb ki, alma və armud çox aşağı qlisemik indeksə malikdir. Bu, diabet xəstələri üçün xüsusilə vacibdir. Bu meyvələr qan şəkərində kəskin sıçrayışa səbəb olmur. Bundan əlavə, alma və armud bağırsağın fəaliyyətini normallaşdıran liflərlə zəngindir.
Armudun tərkibindəki lif mikrobiom üçün xüsusilə faydalıdır, bağırsaqlarda faydalı bakteriyaları qidalandırır və damar divarında iltihabı azaldır.
Meyvələri meyvə suyu ilə əvəz etmək mümkün olmadığını bilmək vacibdir. Həkim bütöv alma və armud yeməyi məsləhət görüb. Çünki vitaminlərin mənimsənilməsi üçün lif lazımdır. Aleksandr Myasnikov bu məhsulları gündəlik rasionunuza daxil etməyə çağırır.
Nubar Süleymanova, “İki sahil”