30 noyabr 2017 22:46
1602

Azərbaycan dünya neft sənayesinin akademiyasıdır

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix institutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur

-Cəbi müəllim, bildiyimiz kimi, bu günlərdə (8 noyabr) iki milyardıncı ton Azərbaycan neftinin hasil olunması təntənəli şəkildə qeyd edildi. Bu mühüm hadisəyə gedən yolu necə şərh edərdiniz?

- Dünya siyasətində, beynəlxalq münasibətlərdə həlledici rol oynayan neft ilk dəfə Azərbaycanda aşkar edilib. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb, nüfuz qazanıb. Tarixi vərəqlədikcə Azərbaycanın davamlı olaraq ilklərə imza atdığı öz təsdiqini tapır. Bir milyardıncı ton neftin hasil olunduğu 1971-ci ildən bizləri 46 illik zaman ayırır. Həmin tarixdə ulu öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə bu mühüm hadisə təntənəli şəkildə qeyd olunmuşdu. 46 illik zaman Azərbaycanın neft sənayesinin tarixinə biri-birindən əhəmiyyətli uğurları yazıb. Böyük inamla deyə bilərik ki, Azərbaycan dünya neft sənayesinin akademiyasıdır. Çünki istər kustar, istərsə də sənaye üsulu məhz Azərbaycanda tətbiq olunub. Ona görə müasir dünyanın enerji siyasətində yerimiz müstəsnadır və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin miqyası genişdir. Azərbaycan alimlərinin, mühəndislərinin, neftçilərinin, bütün bu sahə üzrə mütəxəssislərin hamısının müstəsna əməyi vardır. Dövlətimizin başçısı İlham Əliyev iki milyardıncı ton neftin hasil olunması münasibətilə keçirilən mərasimdə səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq yerinə düşər: “Bir milyardıncı ton neftin hasil edilməsi münasibətilə 1971-ci ildə Heydər Əliyevin sədrliyi ilə Opera və Balet Teatrında təntənəli mərasim keçirilmişdir. Bu gün müstəqil Azərbaycanda, Ulu Öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə biz 2 milyardıncı ton neftin hasilatını qeyd edirik. Müstəqillik ən böyük sərvətimizdir. Ancaq müstəqillik dövründə Azərbaycan böyük zirvələrə çata bildi. Ancaq müstəqillik dövründə xalq öz təbii sərvətlərinin sahibi oldu. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilməsi həm təbiidir, - çünki bu, bizim əsas toplantı salonumuzdur, əsas mərkəzimizdir, - həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan reallıqlarını təmin edir. Biz isə öz növbəmizdə bundan sonra da Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.” Ölkə Prezidentinin bu fikirləri Azərbaycanın dünyanın neft tarixində yeri və rolunun aydın ifadəsini yaradır.

- Azərbaycanın neft tarixini vərəqlədikcə ulu öndər Heydər Əliyevin “Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məqsədlərdən biri idi” fikrinin təsdiqi daha aydın görünür...

- Müstəqillik tariximizdə yeni səhifə olan “Əsrin müqaviləsi”nin əhəmiyyəti əvəzedilməzdir. Bu tarixə qədər Azərbaycan nefti barədə azacıq məlumat olsa da bu zəngin təbii ehtiyatın ölkəmiz üçün siyasi iqtisadi əhəmiyyəti barədə xalqda ətraflı məlumat yox idi. Azərbaycan neftinin dünya siyasətində hansı rola malik olması bu hadisədən sonra dünya ictimaiyyətinə bəlli oldu. 1873-cü ildən sonra Azərbaycan neft saneyesində iltizam sistemi deyilən bir sistem var idi. Onun ləğvindən sonra ölkəmizə gələn neft maqnatlarının neft uğrunda mübarizələri diqqət çəkdi. Rotşildlər ailəsi öz istəklərini diqtə edirdilər. Bakı neft sənayesinə ingilis kapitalı yönləndirilirdi. Şübhəsiz ki, burada o zaman Azərbaycan xalqının çox vətənpərvər istedadlı insanları neft sənayesində öz sözlərini deyirdilər. Hacı Zeynalabdın Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqalarının milli neft sənayesi tariximizdə müstəsna yerləri var. Maraqlı məqam ondan ibarətdir ki, Birinci Dünya Müharibəsinin baş verməsində əsas amillərdən biri bundan ibarət idi ki, kim Bakı neftinə sahib olacaq? XX əsrdə dünya siyasətini müəyyən edən şəxslərdən olan Uilston Çörçülin məşhur bir ifədəsi var: “Əgər neft krallıqdırsa, Bakı onun tacıdır”. Bu sözlərin arxasında nələr dayanır? Bu sözlərin özü bilavasitə 1918-20 ci illər Azərbaycan tarixində özünü açıq şəkildə büruzə verdi. Azərbaycan xalqı o zaman özünün müstəqilliyini elan edərkən de-yureni tanımaq istəmədilər. Hər iki hərbi siyasi blokun üzvlərinin bir-biri ilə enerji resurslarını ələ keçirmək üçün apardıqları müharibəyə baxmayaraq bir məqsədləri var idi- Kim Bakı neftini ələ keçirəcək? Əgər 1922-ci il Genuya Konfransının sənədlərinə baxsaq burada əsas məsələ bu idi ki, Bakı nefti necə olacaq. 1939-40-cı illərdə İkinci Dünya Müharibəsi başladı. Fransızların və ingilislərin xüsusi planı bu idi ki, Bakını bombarduman etməklə SSRİ-ni əsas enerji qüvvəsindən məhrum etmək, sovetlər ittifaqını dağıtmaq.

- Azərbaycan xalqı bu sərvətdən nə əldə edib, nəyi itirib, nəyi qazanıb bu çox maraqlı məqamdır...

- Demək 1873-dən 1918-20-ci illərə qədər olan dövrdə xalqımızın bu sərvətdən əldə etdiyi milli kapital bilavasitə H.Z. Tağıyev və M. Nağıyevin adı ilə bağlıdır. Onların əldə etdiyi kapital Azərbaycan gənclərinin maariflənlənməsi işinə həsr olundu. ADR-in öz dövlətçiliyini itirdiyi bir zamanda Tağıyev başda olmaqla azərbaycanlı neft maqnatları Azərbaycan xalqının istəklərini yerinə yetirmək üçün o missiyanı öz çiyinlərinə götürərək ölkə iqtisadiyyatının özülünün qoyulması üçün addımlar atdılar. Ancaq o insanların böyük əziyyətlə qurduqları müstəqil dövlət Sovet Rusiyası tərəfindən tanınmadı. Əsas səbəb isə Bakı nefti idi. Qızıl Ordu mayın 28-ə qədər Azərbaycan xalqına qarşı ən ağır cinayət hesab olunan soyqırımı siyasəti həyata keçirdilər. Bu faciənin təşkilatçısı sovet üsul-idarəisinin rəhbəri V.İ. Lenin idi. Bunu arxiv sənədləri də təsdiqləyir. 16 dekabr 1917-ci ildə Daşnaksütün partiyasının Bakı Komitəsinin üzvü cəllad, quldur Stepan Şaumyan Leninin sərəncamı ilə Qafqazın fövqəladə komissarı təyin edilir. Ona 500 min rubl pul ayırılır. 500 min rublu nə üçün ayırırdılar? İkinci sərəncam 1918-ci il fevralın 13-də verilir. Bu zaman ayrılan vəsaitin miqdarına baxın- 31.8 milyon rubl. Qızıl puldan söhbət gedir. O zaman rus rublunun alıcılıq qabiliyyəti çox yüksək idi. Həmin vəsait Bakı neftinin hesabına qazanılan gəlir idi. Əlavə olaraq Lenin tərəfindən Stalinə göstəriş verilir ki, Moskva hərbi dairəsindən iki batolyon, iki zirehli maşın, 13 təyyarə, iki milyon patron, 5000 tüfəng ayrılsın. Sual olunur ki bunlar kim üçün ayrılıb? Həmin silah-sursatları Əzrincan müqaviləsinə görə ermənilərə verdilər. Burada Azərbaycan xalqına qarşı soyqırım cinayəti törədirlər. Əsas məqsəd nə idi?-Bakı neftini nəyin bahasına olursa olsun əldə saxlamaq. Bunu təsdiq edən digər bir sənəd 5 iyun 1918-ci ilə aiddir. Həmin quldur Şaumyan bu silahlardan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı törətdi.

Bu məqamda bir məsələyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Onun bilavasitə tapşırığı ilə qondarma 26-lar məsələsi araşdırılmağa başlayanda imperiyanın ermənilərlə birlikdə törətdikləri əməllər aşkar oldu. Bu cəlladlar Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə bütün insanlıq qarşısında cavab verməlidirlər. Məsələ ondadır ki, həmin 5 iyun tarixində 50 milyon rubl pul ayrılır. Qısa müddət ərzində Bakı şəhərində 30 mindən çox insan qətlə yetirilir. O zaman Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və fövqalədə təhqiqat komissiyasının sənədləri 36 cildlikdə bizim dövlət arxivlərimizdə saxlanılır. Demək olar ki, həmin sənədlərdə rəsmi olaraq 12 min nəfərin qətlə yetirildiyi və indiki şəhidlər xiyabanında dəfn edildiyi göstərilir. Ermənilərin özlərinin etirafına görə tək Bakıda 30 mindən artıq soydaşımız qətlə yetirilib. Ölkə ərazisində isə Qarabağ, Quba, Şamaxı, Zəngəzur, Naxçıvan, İrəvan quberniyasından, Cənubi Azərbaycandan, ən azı 700 min azərbaycanlı qətlə yetirilmişdir. Onların əsas məqsəd zəngin enerji mənbəyini əldə saxlamaq idi. Ona görə də 1920-ci ildə Azərbaycanın müstəqilliyini tanımadılar. 1920-ci ildə Bakıya göndərilən 5 iyun teleqramında yazırlırdı ki, şəhəri ələ keçirə bilməsəniz yandırın. Rus tədqiqatçısı Razin yazır ki, belə bir əmri yalnız cəllad verə bilərdi. Bu vəhşilik bu gün də davam edir. İndiki Dağlıq Qarabağ məsələsi də Bakı nefti ilə sıx bağlıdır. Çünki, sovet hakimiyyəti dövründə Azərbaycanın təbii sərvətləri onların strateji hərbi məqsədlərinin həyata keçirilməsinə sərf edilirdi. 1957-ildə kosmosa uçan peykin yanacağıda Bakı nefti şesabına idi. 1990-cı il 20 Yanvar faciəsi də 1918-ci il cinayətinin bir təkrarı idi. Bu kimi soyqırımlara siyasi qiymət verilməsini tələb edən ulu öndərimiz Heydər Əliyevi xalq lider, xilaskar adlandırır. Ulu Öndər həyatını, övladlarının həyatını təhlükədə qoyaraq 21 yanvarda Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək M.Qorbaçovu törədilən cinayətə görə ittiham etdi.

Neft məsələsini dərindən bilən Ulu Öndər fədakarlığı ilə Azərbaycanın müstəqilliyinin əbədiliyini qorudu. “Əsrin müqaviləsi” hazırlanan ərəfədə nə qədər yüksək səviyyədə təhdidlər oldu. Əngəllər törətmək istədilər “Əsrin müqaviləsi” imzalanandan sonra Rusiyanın keçmiş prezidenti B.N.Yeltsinin imzası ilə 395 nömrəli sərəncam imzalandı. Azərbaycanın Rusiyadan keçən hava, su, quru yolları hamısı bağlandı. Rusiyanın o dövrdəki müdafiə naziri P.Qraçov “Əsrin müqaviləsi” imzalanması ərəfəsində hədə qorxu ilə ölkəmizi erməni tankları ilə qorxudurdu. Rusiyanın o zamanki Xarici İşlər Naziri A. Kozırev belə bir müqaviləni tanımadığını elan etmişdi. Bütün bunlara baxmayaraq Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı. Artıq həmin müqavilənin imzalanmasından 23 il keçib. Bu 23 ildə ulu öndərin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı siyasi, iqtisadi uğurların miqyası genişdir. Azərbaycan dünya ölkələri arasında rəqabət sisteminə daxil olub. İqtisadi və hərbi strateji nöqteyi- nəzərdən öncül yerlərdən birini tutur. Hərbi potensiala görə 106 ölkə arasında 50-ci yerdəyik.

- Azərbaycanın neft tarixinə qısa nəzər yetirdik. Keçilən yoldan bəhs edərkən 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya enerji bazarında mövqeyinin möhkəmlənməsi əsaslı şəkildə görünür. Ötən dövrlərin uğurlarına söykənərək imzalanan “Yeni əsrin müqaviləsi” ölkəmizin qarşısında hansı imkanları açır?

- Təbii ki, bu müqavilə də öz başlanğıcını “Əsrin müqaviləsi”ndən götürür. Artıq Azərbaycan dünya enerji təhlükəsizliyinin mərkəzinə çevrilib. Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarında Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu xüsusi qeyd edir. TANAP, TAP, bütövlükdə “Şahdəniz-1”, “Şahdəniz-2” layihələrinə gəldikdə, bura tək Avropa deyil, dünyanın bir çox ölkələri qoşulacaq. Əgər 1994-cü ildə müqavilə imzalanarkən söhbət bütövlükdə 511 milyon ton neftin hasil edilərək, dünya bazarına çıxarılmasından gedirdisə, yeni sazişdə artıq həmin yataqların daha dərinlikdə çox böyük enerji ehtiyatlarına malik olduğu bildirilir. Bizim çox yüksək səviyyədə geoloq neftçilərimiz var ki, harada nə qədər neftin olduğunu dəqiqliklə qeyd edirlər. Ona görə biz çox böyük arxayınlıqla öz potensialımızı ortaya qoyuruq. Heç şübhəsiz ki, Azərbaycan bu müqavilənin uzadılmasını nəzərdə tutarkən ilk növbədə xalqın gələcəyini düşünüb. Burada söhbət tək neftdən getmir. Həm də bizim çox böyük qaz ehtiyatlarımız var ki, rəsmi olaraq elan olunub. Bütün bunlar xalqımızın gələcək xoşbəxt firavan həyatına yönəlib. Bu müqavilələr Azərbaycanın bu gününə və gələcəyinə olan inamın təsdiqidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”