15 avqust 2024 23:16
488

Torpağı Vətən edən igid...

İkinci Qarabağ müharibəsində sinəsini Vətəninə sipər edən  qəhrəman  oğullardan biri də 1994-cü ildə Lənkəranın Girdəni  kəndində  dünyaya göz açan  Kənan Axundzadədir. Düşmənə nifrət hissi  ilə boy atan Kənan  həqiqi həbi xidmətini cəbhə bölgəsində,  yağı düşmənlə üz-üzə doğma Azərbaycanın keşiyində durmaqla  başa vurur.   O, evdə özünə heç cür rahatlıq  tapa bilmir.  Axı, Azərbaycanın müqəddəs paçası olan Qarabağı işğal edən düşməndən alacağı öcü hələ qalırdı. Odur ki, 2020-ci ilin  avqust ayında müddətdən atıq həbi xidmət keçmək məqsədilə  yenidən orduya  yazılır.

Vətən müharibəsi başlanan gündən Kənan düşmənlə ölüm-dirim savaşına girir. Qartal  kimi yağının üstünə şığıyır və neçə-neçə döyüşdən zəfərlə çıxır.  2020-ci ilin 30-oktyabırı isə onun  cavan ömrünə  son qoyur. Beləcə, şərəfli ölümü millətinə başucalığı gətirən  Kənan Vətənini yaşatmaqla  ürəklərdə  özünə əzəmətli abidə ucaldır. Həm də ölümündən sonra  dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Xocavəndin  azadlığına görə medallarla  təltif olunur.   

Qalib şəhid Kənan Axundzadənin 30 yaşının tamamında Lənkəran Mədəniyyət Mərkəzində “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində tədbir keçirildi.  Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirə   Şəhər İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmilər, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, rayon ictimaiyyətinin nümayəndələri qatılmışdı.

Görüşdə şəhidin şəxsi əşyaları və fotolarından ibarət sərgi təqdim olundu və onun şərəfli həyat yolunu özündə əks etdirən video-çarx göstərildi. Daha sonra şəhidin anasına mərkəzin rəsm studiyasında yağlı boya ilə çəkilmiş Kənan Axundzadənin portreti təqdim edildi.

Çıxışlarda isə şəhid Kənan Axundzadənin vətənpərvərliyindən, mərdliyindən, doğma Azərbaycana sonsuz sevgisindən danışdılar, məktəblilər  Vətənə, qələbəyə həsr olunan şerlər söylədilər və tanınmış  müğənnilərin  ifasında şəhidlər  haqqında mahnılar dinlənildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü