Müsahibimiz Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü Seymur Orucovdur
- Seymur müəllim, yeni hədəflərin gerçəkləşməsində 25 illik tarixi yol keçən Yeni Azərbaycan Partiyasının rolunu ümumiləşdirilmiş şəkildə necə ifadə edərdiniz?
- Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Partiyanın 25 illik tarixinə nəzər saldıqda görürük ki, 550 nəfərlə çıxılan yolda üzvlərin sayı artıq 700 mini keçib. Bunun da 40 faizdən çoxunu gənclərin təşkil etməsi sübut edir ki, YAP-ın gələcəyinə inam böyükdür. Zamanın sınaqlarından çıxmış bu reallıq inkaredilməzdir ki, siyasi partiyaları güclü edən onun həyata keçirdiyi siyasət, tutduğu yol, ən əsası güclü lideridir. Hər zaman fəxr edirik ki, bu gün milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevdir. Onun düşünülmüş və məqsədyönlü siyasəti Azərbaycanı ən yüksək zirvələrə qaldırdı. Bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız daim öz güclü Liderini- Prezident İlham Əliyevi dəstəkləyir və ətrafında sıx birləşir. Azərbaycanın bütün sahələrdə biri-birindən önəmli uğurlara imza atması qürurvericidir. Bu uğurlarda Yeni Azərbaycan Partiyasının öz yeri, öz payı vardır. Tərəqqi Azərbaycanın iqtisadi inkişafında, əhalinin sosial rifah halının yaxşılaşmasında, yeni-yeni hədəflərin müəyyənləşməsində və onlara yüksək səviyyədə nail olmaqda özünü nümayiş etdirir. Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyası hər dövrün çağırışına uyğun olaraq hədəflər müəyyənləşdirir və bu istiqamətdə səylərini artırır. Güclü dövlət, yüksək rifah naminə davamlı addımlar atan partiya bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallıq olması üçün ciddi səylər göstərir.
- Gələcəyimiz kimi dəyərləndirilən gənclərin potensialından səmərəli istifadə etmək bütün dövrlərdə aktuallığını qoruyub...
- Ulu öndər Heydər Əliyev gəncləri gələcəyimiz kimi dəyərləndirərək, istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə gənclərə diqqət və qayğını fəaliyyətinin əsas istiqaməti kimi öndə saxlayırdı. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə gənclərin peşəkar, təcrübəli kadr kimi yetişməsi. İkinci dövründə isə dövlət idarəçiliyində irəli çəkilməsi proritet məsələ olub. Gənclərimizin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi bu günümüz üçün hazırlanmış konsepsiyanın əsas tərkib hissələrindən biri idi. Müstəqillik illərində, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsi kimi uğurla həyata keçirilməyə başlandı. Bir əsas məqamı da qeyd edək ki, dahi şəxsiyyət Heydər Əliyev yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirmişdir. 1995-ci ildə YAP Gənclər Birliyinin yaradılması, hazırda 270 000-dən artıq gənci ətrafında birləşdirməsi də bu siyasətin nəticəsidir. Azərbaycan gəncliyi Yeni Azərbaycan Partiyasının sıralarında birləşməklə ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini nümayiş etdirirlər.
- Gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi əsasdır. Bugünkü Azərbaycan gəncliyini necə görürsünüz?
- Yeni Azərbaycan Partiyasının əsas qayəsini azərbaycançılıq siyasəti və azərbaycançılıq məfkurəsi təşkil edir. Əsas olan Azərbaycan gəncinin milli mənəvi dəyərlərimizə bağlı olmasıdır. Hər bir gənc milli təəssübkeş olmalı, Vətənini, dövlətini, sevməlidir. Bununla birlikdə İKT ilə, elm, təhsil ilə bağlı bütün yeniliklərə açıq olmalıdır. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi artıq yetişib.
- Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənc siyasətçilərin, liderlərin formalaşdırılması, bölgə gəncləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi prioritetdir. Bunun üçün müxtəlif layihələr həyata keçirilir...
-Regionlarımızı hər zaman diqqətdə saxlamışıq. Mütamadi olaraq gənclərlə müxtəlif səpkilərdə görüşlər keçiririk. Bu günlərdə partiyamız “Hərəyə bir ağac əkək” kampaniyasına start verdi. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu kampaniyaya başlayanda bildirdi ki, bu təkcə Bakı şəhərini deyil, bütün regionlarımızı əhatə edəcək. Hazırda kampaniya regionlarımızda davam edir. “İslam Həmrəyliyi ili”nin yekunları ilə bağlı tədbirlərimiz olacaq. Yaxın günlərdə Şəmkirdə regional müşavirəmiz keçiriləcək. Burada görülən və görüləcək işlər haqqında gəncələrin fikirləri dinləniləcək. Cənub zonasına da yaxın günlərdə səfərimiz nəzərdə tutulub. Əsas müzakirə mövzusu dini radikalizm, erkən nigah məsələləri olacaq. Məqsədimiz gənclərlə görüşmək, maarifləndirmə işi aparmaqdır. Demək olar ki, sosial şəbəkələr vasitəsilə regionlarla sıx əlaqəmiz vardır. Onlar gördükləri işləri bizim “Qələbə” səhifəsində paylaşırlar. Artıq regionlarla aramızdakı məsafələr qısalıb.
- Gənclərin Yeni Azərbaycan Partiyasının sıralarında çoxluq təşkil etməsini şərtləndirən əsas amillərdən biri onların öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görmələridir. Gənclər onlara olan bu diqqət və qayğını necə cavablandırırlar?
- Təqdirəlayiq haldır ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Bu gün Azərbaycanda hər hansı region gənci bir layihə həyata keçirmək istəyir. Ancaq maliyyə vəsaiti yoxdur. Dövlət özü buna bir çox fondlar vasitəsilə donorluq edir. Məsələn, hər hansı bir gəncin elmlə bağlı layihəsi varsa, tədqiqatlar aparmaq üçün maliyyə vəsaiti yoxdursa, Prezident yanında Elm Fonduna müraciət edə bilər. Əgər gəncin layihəsi qənaətbəxş qiymətləndirilsə, o layihəsini həyata keçirmək üçün maliyyə vəsaiti ilə təmin olunacaq. İştirak etdiyim son qrand müsabiqəsində iki gənc tədqiqatçıya tədqiqatlarını həyata keçirmək üçün 50.000 manata qədər vəsait verildi. Məktəblərlə bağlı Prezident yanında Bilik Fondu fəaliyyət göstərir ki, gənclər ora da layihələrlə müraciət edə bilər. Əsas məsələ, bu işləri koordinasiya etmək üçün insanların məlumatlı olmasıdır. Bununla bağlı gənclərlə maarifləndirmə işləri aparılır.
Sahibkarlığın inkişafı bu gün dövlət siyasətinin əsasıdır. Gənc sahibkarların yetişməsi həllivacib məsələlərdən biridir. Gənclər İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Dövlət Dəstəyi Fondundan vəsaitlər, kreditlər ala bilərlər.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan gəncliyinin inkişafı üçün bütün zəruri addımlar atılır. Gənclərimiz bu diqqət və qayğını, onlara göstərilən etimadı əməli işləri ilə yüksək səviyyədə cavablandırmağa səy göstərirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, gənclərin potensial imkanlarından səmərəli istifadə etməklə Azərbaycanın davamlı inkişafına böyük töhfə vermək mümkündür.
Şəmsiyyə Əliqızı, “İki sahil”