Şimali Koreya lideri Kim Çen In son günlər yağan güclü leysan yağışlarının səbəb olduğu daşqınlardan sonra müvəqqəti sığınacaqda qalan daşqın qurbanları ilə görüşmək üçün cümə axşamı və cümə günləri Şimali Pyonqanın şimal-qərbindəki Uiju mahalına iki günlük səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin yazdığına görə, beynəlxalq yardımlardan imtina edən Kim Çen In leysan qurbanlarını qayğı göstərmək üçün paytaxt Pxenyana gətirəcəyini vəd edib.
O, Şimali Pyonqan, Caqanq və Ryanqqanq əyalətlərindəki 15400-ə yaxın insana - uşaqlara, qocalara, əlil əsgərlərə və analara, evlərinin yenidən qurulması və təmiri başa çatana qədər - yaxın iki-üç ay ərzində dəstək vermək məqsədi ilə Pxenyana gətirmək üçün təcili sistem elan edib.
"Uşaq baxımı, tərbiyə və təhsil heç bir fövqəladə vəziyyətdə heç vaxt imtina edilməməsi lazım olan əsas dövlət işidir", Kim deyib.
KXDR lideri Cənubi Koreya mediasının Şimali Koreyanın daşqınlarının vurduğu ziyanla bağlı xəbərlərini “uydurma” və “siyasi motivli yalan təbliğat” kimi qınayıb və daşqından əziyyət çəkən insanların hamısının təhlükəsiz və yaxşı olduğunu deyib.
O, humanitar dəstəyə görə xarici ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edib, lakin daşqınların zərərini kənar yardım olmadan bərpa edəcəyinə söz verib.
Ötən həftə Cənubi Koreyanın Qırmızı Xaç Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, eləcə də Rusiya və Çin Şimali Koreyaya daşqınların zərərinə görə yardım ləvazimatları verməyi təklif etsə də, KXDR təklifləri qəbul etməyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”