Fransanın Sen-Miel şəhərində yerləşən Polmard fermasının fermerləri “qış yuxusu” adlandırdıqları üsulla dünyanın ən eksklüziv ətini istehsal edir. Bu proses ətin keyfiyyətini itirmədən 15 ilə qədər saxlanmasına və marinə edilməsinə imkan verir.
Aleksandr Polmar 1846-cı ildən mal əti istehsal edən bir ailənin altıncı nəsil fermeri, damazlıq üzrə mütəxəssisi və qəssabıdır. Onların biznesi 1990-cı illərdə Aleksandrın babası və atası "qış yuxusu" adlandırdıqları inqilabi yeni ət emalı üsulunu inkişaf etdirdikdən sonra geniş şöhrət qazandı.
Sen-Mieldəki fermanın laboratoriyasında soyuq hava mənfi 43 dərəcə Selsi temperaturunda saatda 120 kilometrə qədər sürətlə ətə yönəldilir ki, bu da onun keyfiyyətini itirmədən on ildən artıq saxlanılmasına şərait yaradır. Üstəlik saxlanma nə qədər uzun davam edərsə, məhsulun keyfiyyəti və qiyməti bir o qədər yüksək olur. 15 yaşlı ətin bir kiloqramı 3200 dollara satılır.
"Mən çox xüsusi bir saxlama prosesindən istifadə edirəm və dünyada bunu edən ilk qəssabam",- Aleksandr Polmar “TIME” jurnalına deyib. “Mən mal ətimin dünyanın ən yaxşısı olduğunu iddia etmirəm, çünki hər ət unikaldır. Bu, şərab kimidir”,-deyə o bildirib.
Dünyanın ən eksklüziv ətini yaratmaq üçün Polmard ailə fermasında sərbəst şəkildə “Blonde d'Aquitaine” mal-qara cinsi stressiz yetişdirilməyə başlanılır. Bunun ardınca ətin adi haldan daha uzun müddət saxlanılmasına imkan verən qışlama prosesi baş verir. Normal halda qurudulmuş mal əti bir neçə həftə saxlanılır. Ancaq Polmard qışlama isə ətin 15 ilə qədər və bəlkə də qeyri-müəyyən müddətə davam edir.
“Qış yuxusu”na buraxılan ət restoran sahibləri arasında əfsanəyə çevrilib. Müştərilər Polmard mal ətini sifariş etmək üçün aylar öncədən görüş təyin etməli olurlar. Aleksandr bu əti yalnız dünyada bir neçə etibarlı restorana etibar edir. Xüsusi üsullarla saxladığı ətin incəliklərini başa düşdüklərinə əmin olmaq üçün hətta onların aşpazlarına şəxsən baş çəkir.
Bəs siz 3200 dollarınızı bir kiloqram mal ətinə sərf edərdiniz?
Nubar Süleymanova, “İki sahil”