05 dekabr 2017 00:05
937

Şərq Tərəfdaşlığının məqsədi münaqişə bölgələrində sabitliyin təminatıdır

Müsahibimiz “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəylidir

- Elçin müəllim, noyabrın 24-də Avropa İttifaqının Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti keçirildi. Ölkəmizin bu sammitdə iştirakının əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Azərbaycan Şərq Tərəfdaşlığı Proqramının üzvüdür. Şübhəsiz ki, Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi və çıxışında bir çox mühüm məqamlara, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsinə beynəlxalq hüquq prinsipləri müstəvisində yanaşılmasının vacibliyini bəyan etməsi  böyük əhəmiyyət kəsb etdi. Cənab İlham Əliyev  Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol haqqında da ətraflı bəhs edərək bildirdi ki, ölkəmiz nəqliyyat dəhlizləri qovşağında körpü funksiyasını yerinə yetirməklə yanaşı xüsusi əhəmiyyətli layihələr də həyata keçirir. Ölkəmizin mövqelərinin bir daha dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərindən də  bu Sammit böyük əhəmiyyətə malikdir.

- Yekun Bəyannamədə qeyd edildi ki,  müstəqilliyini elan etmiş dövlətlərin ərazi bütövlüyü  birmənalı şəkildə tanınır. Bu, Azərbaycanın mövqeyinin dəstəklənməsi deyilmi?

 - Bəyannamədə qeyd olunur ki,  Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Bu, bizim üçün mühüm bir faktordur. Çünki bundan daha öncə Avropa İttifaqının müvafiq sənədlərində, o cümlədən Şərq Tərfdaşlığı Proqramı çərçivəsində açıqlanan bəyannamələrdə konkret olaraq Gürcüstan, Ukrayna və Moldova ilə bağlı müəyyən ifadələr səsləndirildi. Son dövrlərdə, xüsusilə də son üç ildə Azərbaycan kifayət qədər bu istiqamətdə fəal siyasət yürütdü. Ölkə Prezidenti beynəlxalq təşkilatların tribunalarından ərazi bütövlüyü məsələsinə vahid mövqedən yanaşılmasının vacibliyini bəyan etdi. Bu istiqamətdə Azərbaycan Avropa İttifaqının müxtəlif ölkələrində konfranslar keçirdi, müzakirələr apardı. Bütün bunlar təbii ki, Şərq Tərfdaşlığı Proqramı çərçivəsində Brüssel Sammitində qəbul olunan Bəyannamədə məhz ərazi bütövlüyü məsələsinin xüsusi olaraq vurğulanması ilə nəticələndi. Yəni Azərbaycanın mövqeyi hər zaman belə olub. Hələ BMT  Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan Prezidenti  İlham Əliyev bu barədə məruzə edərək separatçılığın ləğvində ikilistandartların aradan qaldırılmasının vacibliyini vurğulamışdı. Daha öncə ümummilli lider Heydər Əliyev həm BMT Baş Assambleyası çərçivəsində, həm də BMT-nin 50 illiyinə həsr olunmuş konfransda ərazi bütövlüyünün vacibliyini bəyan etmişdi. Qeyd etmişdir  ki, ərazi bütövlüyü prinsipinə ikili standartlarla yanaşma nəticə etibarilə dünyada aqressiv, silahlı separatizmin vüsət almasına yol aça bilər. Zaman keçdikcə Azərbaycanın mövqeyinin nə qədər haqlı olduğu bir daha ortaya çıxdı.  Dağlıq Qarabağ münaqişəsi bu günə qədər davam edir. İkili standartlar çərçivəsində ərazi bütövlüyü prinsipləri ilə manipulyasiyalar geniş vüsət alıb. Tək postsovet məkanında deyil, dünyanın bir çox ölkələrində separatizm hərəkatları baş qaldırıb. Bu yaxınlarda Katoloniyada baş verən separatizm hərəkatı buna bir nümunədir.  Avropanın ona münasibətini də nümunə kimi təqdim edə bilərik. Bu aspektdən Azərbaycan artıq uzun illərdir ki, problemin beynəlxalq hüququn prinsipləri çərçivəsində həll ounmasının vacibliyini birmənalı şəkildə önə çəkir. Tarix də sübuta yetirdi ki, bu mövqe ən doğru mövqedir. Azərbaycan Prezidentinin, dövlətinin təqdim etdiyi istiqamət və çağırışlar əslində dünyada separatizmin  daha təhlükəli forması olan terrorizmin meydana gəlməsinin qarşısını ala bilər.

- Bu günə qədər ölkəmizə qarşı  ikili standartların, qərəzin çox şahidi olmuşuq. Hazırkı vəziyyəti necə şərh edərdiniz?

- Məsələni bir neçə istiqamətdən dəyərləndirmək lazımdır. Azərbaycan  regionda baş verən proseslərdə fəal  iştirak edir. Avrasiya məkanında həm nəqliyyat, həm enerji dəhlizlərinin diversifikasiyası prosesində ölkəmizin rolu çox böyükdür. Bu, regional aspektdən Azərbaycanın mövqelərini möhkəmləndirir və Ermənistan ətrafındakı həlqəni  daraldır. Digər aspekt beynəlxalq müstəvidə proseslərin baş verməsindən asılıdır. Bildiyimiz kimi, Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı  məsələlərin tez-tez gündəmə gəlməsində bir çox amillər rol oynayır.  Aprel döyüşlərində Azərbaycanın qazandığı üstünlükləri xatırlatmaq istərdim.  Bu da regional müstəvidə Ermənistanın və onun havadarlarının mövqelərinə ciddi  təsir göstərdi. Başqa bir aspekt yenə də regional müstəvidə Azərbaycanın hərbi əməkdaşlığının genişləndirilməsinin, dünyanın müxtəlif ölkələri, o cümlədən İsrail, Belarus ilə birgə hərbi əməkdaşlıq istiqamətində müvafiq addımların atılmasının, yeni silahların əldə edilməsinin, Azərbaycanın silahlı qüvvələrinin hərbi texniki bazasının gücləndirilməsinin  şahidi oluruq. Qlobal müstəvidə  dünyanın bir çox ölkələrində separatizm dalğası baş verdi. Yaxın Şərq  və Aralıq dənizi hövzəsində baş verən hadisələr fonunda İraq  kürd muxtariyyətində baş qaldıran seperatizm hərəkatının şahidi olduq. Kürd  separatizminin təkcə İraqın deyil, eyni zamanda Türkiyənin, Suriyanın, İranın ərazi bütövlüyünə təhdid olunması faktını gördük.  Bu faktora qarşı region  dövlətlərinin bir araya gəldiyinin də şahidi olduq. O region dövlətləri ki, heç bir məsələdə fikirləri üst-üstə düşmürdü. Bu da dünyaya açıq şəkildə bir mesaj idi. İkinci faktor Katoloniyada baş verən proseslər idi. Katoloniya məsələsi hər zaman latent münaqişə kimi  dəyərləndirilib. Amma bu latent münaqişə separatizmə münasibətdə dünyada mövcud olan ikili standartların qabarıq şəkildə ortaya çıxdığı zamanda özünü daha açıq şəkildə büruzə verdi. Bu məsələyə  Avropa İttifaqının mövqeyi kəskin oldu. İspaniya hökuməti ən sərt qərarlar verdi. Artıq Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin Bəyannaməsində də Avropa İttifaqı dövlətlərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və müstəqilliyi ilə bağlı məsələlərin birmənalı şəkildə ifadə olunması da  bu məsələnin geriyə qayıdışının olmadığını sübuta yetirir. Yəni artıq Avropa İttifaqı bu məsələdə ikili standartlara   yol verməyəcək. Bu həm də Avropa İttifaqının üzvü olan bütün dövlətlərə də ciddi  mesaj kimi qəbul olunmalıdır.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn addımlardan bəhs edərkən, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və İrəvana səfəri də diqqətçəkəndir.  S.Lavrovun Azərbaycan və Ermənistanda səsləndirdiyi fikirlərin təzad təşkil etməsi nədən qaynaqlanır? 

- S.Lavrov bir diplomat olaraq 13 ildir Rusiyanın xarici işlər naziridir. Dağlıq Qarabağla bağlı ikili münasibət ənənəvi olaraq onun mövqeyindən irəli gələn bir məsələdir. Əgər S.Lavrovun 13 ildə, Rusiyanın xarici işlər naziri olduğu dövrdə fəaliyyətinə diqqət yetirsək,  dövlətinin diplomatik mövqelərinə ciddi zərbələr vurduğunun şahidi olarıq. Ola bilsin ki, diplomat kimi taktiki cəhətdən etdiyi manevrlər Rusiyanın müəyyən qədər maraqlarına xidmət edir. Ümumi strateji baxımdan S.Lavrovun icra etdiyi xarici siyasət bütövlükdə Rusiyanın dünyadakı mövqelərinə ciddi zərbə vurub. Bu gün dünya Rusiyanı aqressiv, qəzəbli, təhlükəli və etimadsız bir dövlət kimi görür. Bu obrazın formalaşmasında  S.Lavrovun da xidmətləri az deyil. Qənaətimə görə tarix onun bu xidmətlərini unutmayacaq. Ancaq indiki şəraitdə S.Lavrov Rusiyanın xarici siyasətinin icraçısıdır. O müəyyən qədər təmsil etdiyi toplumun, xalqın maraqlarını nəzərə ala bilər, amma  qlobal mənada Rusiyanın maraqlarından kənara  çıxa bilməz. Düşünmürəm ki, S.Lavrov Dağlıq Qarabağ münaqişəsində hər hansı  açar rolunu oynayır. Problemin həllinin uzanmasında Rusiyanın Cənubi Qafqazda yürütdüyü siyasət xüsusi rol oynayır.

Şəmsiyyə Əliqızı, “İkisahil”