03 avqust 2024 17:39
708

“YARAT”da Honkonq rejissorunun “Sevgi əhvali-ruhiyyəsi” filmi göstəriləcək

Avqustun 8-də “YARAT” Müasir İncəsənət Məkanında Honkonq rejissoru Vonq Kar-Vayın “Sevgi əhvali-ruhiyyəsi” (“In the Mood for Love”) filminin nümayişi olacaq.

“İki sahil” xəbər verir ki, filmin nümayişi “Müşahidə olunmayan arzular” qrup sərgisi çərçivəsində həyata keçirilir.

Ekran əsərində hadisələr 1960-cı illərin Honkonqunda cərəyan edir. Öz həyat yoldaşlarının xəyanətindən xəbər tutan böyük mənzildəki qonşular – jurnalist Çou Movan və katibə Su Liçjen birlikdə daha çox vaxt keçirməyə başlayırlar. Onlar hətta bir-birinə aşiq olsalar da, bunu bəyan etməyə cəsarət etmirlər. Qüsursuz reputasiyası olan nadir filmlərdən biri sayılan “Sevgi əhvali-ruhiyyəsi” Toni Lyuna Kann kinofestivalında (2000-ci il) ən yaxşı kişi aktyor mükafatını qazandırıb və bu ekran əsəri BBC telekanalının 2016-cı ildə bütün dünya üzrə kino tənqidçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, XXI əsrin ən yaxşı 100 filminin siyahısına daxil edilib.

Filmin nümayişindən sonra “Atrium” anti-kinoklubunun nümayəndəsi Eldar Albertssonla ekran əsərinin müzakirəsi olacaq.

“Sevgi əhvali-ruhiyyəsi” filmi Azərbaycan dilində subtitrlə göstəriləcək.

Qeyd edək ki, Honkonq rejissoru Vonq Kar-Vay özünün poetik kino dili və romantik dramları ilə seçilir. Onun filmlərinin arasında “Çunkinq ekspresi” kimi maraqlı film də var. Rejissorun “Birlikdə xoşbəxtik” ekran əsəri isə 1997-ci ildə Kann kinofestivalında ən yaxşı rejissor işinə görə mükafatına layiq görülüb. Vonq Kar-Vay bu mükafatı alan ilk Honkonq rejissorudur.