Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi - Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbi “Aktyorluğu öyrən” yeni layihəsinə start verir.
“İki sahil” xəbər verir ki, layihənin əsas məqsədi azyaşlı, yeniyetmə və gənclərin teatr və kino sənətinə marağını artırmaqla onlarda bədii istedadın və zövqün formalaşdırlması, həmçinin yuxarıda adıçəkilən ixtisasların ibtidai əsaslarının tədris edilməsidir.
Doqquz aylıq proqram çərçivəsində dərslər peşəkar pedaqoqlar tərəfindən həftədə iki dəfə, iki dərs saatı tədris olunacaq. Tədris prosesi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərtib etdiyi proqram əsasında həyata keçiriləcək. Proqrama tələbələrin peşəkar teatr və kino prosesində təcrübə toplaması və tanınmış sənətçilər tərəfindən ustad dərsləri daxildir.
Proqramı uğurla mənimsəyən tələbələr sertifikat və diplomla təltif ediləcəklər.