Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblidir
- Hadi müəllim, məlum olduğu kimi dekabrın 1-də Milli Məclisdə büdcə layihəsi artıq öz təsdiqini tapdı. 2018-ci ilin dövlət büdcəsində sosial yönümlülük hansı səviyyədədir?
- Təsdiqini tapmış büdcə layihəsi bir çox özəllikləri ilə zəngindir. İlk növbədə Azərbaycanın müstəqil dövlətçiliyi tarixində 21 milyard manat civarında büdcə olmamışdı. Bu, ilkdir. Bütün dünyada baş verən çətinliklərə, kataklizmlərə, iqtisadi böhrana baxmayaraq, Azərbaycan büdcəsinin bütövlükdə 36,6 faizi bilavasitə sosial məqsədlərə yönəlib. Buna görə də büdcəmizi sosial və investisiya yönümlü adlandırırıq. İnvestisiya tutumunun içərisində tikintilərə və digər məsələlərə də vəsaitlər ayrıldı. Büdcənin digər özəlliyi ondan ibarətdir ki, 20 faiz artım müşaiyət olunub. Bu büdcədə sosial müdafiə sistemində əsas məqsəd əhatəliliyi təmin etmək və daha çox insanları sosial müdafiəyə cəlb etməkdir. Eyni zamanda bütün bunlarla yanaşı şəffaflığın təmini əsas elementdir. Bütün bu özəlliklər büdcənin xüsusi yerini bir daha göstərir. Digər bir məqam ondan ibarətdir ki, ayrılan vəsaitlərin içərisində çox ciddi fərqlər var. Məsələn, elm sahəsinə uzun illər vəsait az ayrılırdı. Bu il isə elm sahəsinə ayrılan vəsait əvvəlki illərlə müqayisədə 9,5 milyon artıqdır. Bu da Azərbaycanda elmə, təhsilə göstərilən diqqətin göstəricisidir. Büdcənin 3,5 faizi səhiyyəyə ayrılıb. Bütövlükdə bütün büdcənin mahiyyətində Azərbaycan vətəndaşının güzəranının daha da yaxşılaşdırılması dayanır.
2018-ci ilin büdcəsindən 3 milyard 578 milyon 760 min manat sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanına yönəldilib. Digər tərəfdən biz illərdir transfer deyirdiksə, bu gün balanslaşdırılmış məbləğdən bəhs edirik. Bunun mahiyyəti odur ki, Dövlət Sosial Müdafiə Fondunda 1992-ci ilə qədər vətəndaşların əmək stajları, yığdığı vəsait demək olar ki, məhv oldu. Bu vəsaiti təmin etmək üçün büdcə balanslaşdırılmış addım atır.
Büdcə paketində digər bir yenilik də var. İlk dəfə olaraq Azərbaycan parlamentində işsizlikdə sığorta büdcəsi müzakirə olundu və qəbul edildi. Bunu yeni bir istiqamət adlandırmaq olar. Əsas mahiyyət ondan ibarətdir ki, sosial müdafiə sistemində məşğulluq önə çəkilərək prioritet olur. Bir neçə il əvvəl mətbuatda çıxış edərək bildirmişdim ki, ünvanlı yardım bir qrup insanlara pul şəklində verilməsin. Kənd yerlərində təsərrüfatın inkişafı üçün köməklik göstərilsin, şəhər yerlərində kiçik sahibkarlığın inkişafına dəstək verilsin. Bu o zaman müzakirə mövzusu oldu. Zaman göstərdi ki, əslində ünvanlı yardım insanlarda bir arxayınlıq yaradır. Bu, özünü doğrultmadı. Yeni qanunda nəzərdə tutulduğu kimi özünüməşğulluq sistemi insanları həm tək, həm də kollektiv şəkildə hər hansı bir işə cəlb edə bilər. Ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə cari ilin aprelin 7-dən pilot layihələrə başlanıb. İlkin olaraq 16 milyon manat vəsait ayrılıb. Bu işlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzarət edir, bir sıra proqramlar və pilot layihələr həyata keçirir. Beləliklə, Azərbaycan da öznüməşğulluq institutu formalaşmağa başlayır. İşsizlikdən Sığorta Fonduna yığılan 89 milyon manat vəsaitin 35 milyonu bilavasitə qeyd etdiyimiz özünüməşğulluq məsələlərinə yönələcək. Məsələn, hər hansı dağ kəndində yaşayan böyük ailə sahibi olan vətəndaşa arı pətəyi verərək həm arıçılığı inkişaf etdirirlər, həm də vətəndaşın rifahına zəmin yaradırlar. Təsərrüfatların yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir. Pul vətəndaşa təqdim olunmur. Şəhər yerində yaşayan aztəminatlı ailələr üçün isə hər hansı arzularına uyğun dəzgahlar alınıb verilir. Beləliklə, şəxsiyyətin özü-özünü yaşatmasına, təmin etməsinə şərait yaradılır. Bu çox önəmli və dünyəvi bir sistemdir. Gələn ildən bu qanun işlək vəziyyətə gətiriləcək.
- Dövlət büdcəsində əmək haqqı və pensiyaların artırılması ilə bağlı nə qədər vəsait nəzərdə tutulur?
- Minumum əmək haqqı və pensiyalarda olan artımlar ehtiyat meyarlarına uyğun olaraq həyata keçirildi. Ümumilikdə bu istiqamətə əvvəlki illərdən fərqli olaraq büdcədən 104 milyon manat əlavə olundu. Pensiyaların artması ilə bağlı çox önəmli addımlar atılıb. Birinci, əvvəllər pensiyanın tək sığorta hissəsi indeks edilirdi, baza hissəsi isə yox. Cari ilin ortalarından “Pensiya islahatları haqqında” yeni Qanunun qəbulundan sonra artıq baza və sığorta hissəsi məhfumu yoxdur. Təkcə pensiya məhfumu var. Əvvəllər indeksə edilən sığorta hissəsi kiçik bir məbləğ idi. İndi isə bu bütöv məbləğ indeksə olanda əvvəlki illərdən üç dəfə çox artım olacaq. Bu da hiss olunan və görünən rəqəmdir. Pensiya ilə bağlı digər bir önəmli addım da atılır. Əvvəllər pensiya yaşı çatmış və işləyən insanların pensiyası bir dəfə yaşı çatanda hesablanırdı və ömrünün axırına qədər həmin pensiyanı alırdı. İndi isə hazırda işləyən şəxslərin pensiya məsələsinə yenidən baxılır. Ödədikləri məbləğ nəzərə alınaraq aldıqları pensiyaların həcmi artırılacaq. Bu da çox önəmli, ədalətli bir hal olmaqla möhtərəm Prezidentimizin bu qrup insanlara göstərdiyi növbəti qayğıdır.
- Hadi müəllim, Əmək və sosial siyasət komitəsinin tütün məhsullarının məhdudlaşdırılması ilə bağlı təqdim etdiyi qanun ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Bu gün bir tərəfdən tütünçülüyün inkişafından, daxili tələbatı ödəməsi və eyni zamanda xaricə ixrac olunmasından danışırıq, digər tərəfdən isə tütün məhsullarının məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılır...
- Parlamentdə bu mövzu dəfələrlə müzakirəyə çıxarılıb. Dünya təcrübəsinə müraciət etdik. Ancaq inamlı addım ata bilmirdik, tərəddüdlər var idi. Hər kəs bilir ki, tütünün istifadəsi ölümlə nəticələnir. Bu çox narahatedici bir məsələdir. Rəqəmlərə diqqətinizi cəlb edim. Ölkə əhalisinin 20-44 yaş arasındakı hissəssinin (kişilər nəzərdə tutulur) 30 faizi, 44-65 yaş arasında olanların isə 51 faizi siqaret çəkir. Siqaret çəkənlərin özlərini məhv etmələri bir yana, ətrafındakıları da zəhərləyirlər. Nəticədə başqaları də zərər görür. Məqsədimiz ondan ibarətdir ki, ictimai yerlərdə insanların sağlamlığına zərər vurmasınlar.
Xatırladım ki, 17 aprel 2017-ci il tarixdə möhtərəm Prezidentimiz İlham Əliyev Yevlax şəhərində geniş müşavirə keçirdi. Burada tütün istehsalının artırılmasını vurğuladı. Qeyd etdi ki, Azərbaycanda bu gün istehlak olunan, çəkilən siqaretlərin 70 faizə qədəri başqa ölkələrdən gətirilir. Əgər siqaret çəkilirsə Azərbaycanda niyə xaricdən gələn tütündən istifadə olunsun, elə ölkəmizdə istehsalı artırılsın. Əsas məsələ ondan ibarətdir ki, tütünün istehsalında ixraca daha çox üstünlük vermək lazımdır. Beləliklə, birinci məqam ondan ibarətdir ki, yerli məhsullarımızdan istifadə edək, ikincisi tütün istehsalını artıraraq ixracını həyata keçirək. Üçüncü vacib məqam ondan ibarətdir ki, Azərbaycanda istehlakını azaldaraq siqaret çəkməni minumuma endirək. Möhtərəm Prezidentimizin həmin müşavirədəki çıxışından bir fikri sitat kimi qeyd edim: “Mən özüm siqaret çəkmirəm. Heç kimə də məsləhət bilmirəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq.” Bu da möhtərəm Prezidentimiz tərəfindən gənclərimizə örnək olan bir məqamdır. Statistikanı burada qeyd etmirəm ki, nə qədər insan siqaretin fəsadları ilə qarşı-qarşıya dayanır, əlil olur və sonradan dövlət buna müavinət verir. Beləliklə də siqaretdən törənən xəstəliklərin nəticəsində dövlət büdcəsinə küllü miqdarda ziyan dəyir. Bu da çox önəmli məsələdir.
- Necə düşünürsünüz, ictimai yerlərdə siqaret çəkilməsinə qoyulan qadağalar özünü doğruldacaqmı?
- Dünya təcrübəsində belədir, birmənalı şəkildə qapalı məkanlarda siqaret çəkmək olmaz. Ancaq bəzi ölkələrdə qapalı yerlərdə siqaret çəkməyə o halda icazə verilir ki, həmin məkanın yüksək standartlara cavab verən havalandırma sistemi mövcuddur və ya onun yaxınlığında havalandırma sistemi olan əlavə otaq var. Bu, bizim qanunda da öz əksini tapıb. Buna nəzərat sistemi həyata keçiriləndən sonra inanıram ki, bu problemlər artıq arxada qalacaq. Çünki kənd yerlərində balaca çayxanalar var ki, heç bir havalandırma sistemi və ayrıca otağı yoxdur. Buna nəzarət necə həyata keçiriləcək? Nəzarətdə problem olmayacaq. Çünki yeni qanunun özəlliyi odur ki, siqaret çəkənlə birlikdə müəssisənin rəhbəri olan hüquqi şəxs də cəzalandırılacaq. Əgər müəssisə rəhbəri siqaret üçün ayrıca otaq yarada bilmirsə, icazə də verməsin. Düşünürəm ki, bu qanunun işlək vəziyyətə gətirilməsi insanların sağlamlığına xidmət edəcək.
- 2017-ci ilin başa çatmasına az qalır. Əmək və sosial siyasət komitəsi olaraq növbəti il hansı qanun layihələrinin müzakirəsini planlaşdırırsınız?
- Komitədə qanunlara əlavə və ya dəyişikliklər edilməsi daim gündəmdə olub. Bu gün gündəmdə olan məsələ əlilliyin qarşısının alınması, əlilliyin reabilitasiyası və sosial müdafiəsidir. Belə tərkibdə qanunun hazırlanması və yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu, “Əlillərin hüquqları haqqında” Qanundur. Bu məqsədlə müxtəlif konvensiyalara qoşulmuşuq. Hesab edirik ki, əlillərlə bağlı bütün müddəaları və münasibətləri həmin qanunda toplayıb ortaya qoyacağıq. Bir zamanlar “Duzun yodlaşdırılması haqqında” qanunun qəbulu nə qədər endokrin xəstəliklərin aradan qaldırılmasına səbəb oldu. Hamımız bilirik ki, zob adlanan endokrin xəstəliklərinin birinci səbəbi orqanizmdə yodun çatışmamazlığı idi. Bu qanunun qəbulundan sonra 7 dəfə həmin xəstəliklərin azalmasını müşahidə etdik. Eyni zamanda da müzakirəyə hazırladığımız bu qanunla əliliyi yaradan səbəbləri də araşdıracagıq. Bu gün Azərbaycanda əgər 700 min əlil varsa, onun 60 mini uşaqlardır. Bunun qarşısının alınması haqqında müddəalar yəqin ki, həllini tapacaq. Uşaqlar nədən əlil doğulur? Bunun qarşısını almaq mümkündür? Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının göstəricilərindən biri kimi, sağlamlıq mərkəzlərinin tikilməsini, qızların nigah yaşlarının 16-dan 18 yaş həddinə qaldırılmasını qeyd etmək istərdim. Bütün bunlar hamısı xəstəliyi yaradan səbəbləri aradan qaldırmağa xidmət edir. Bu istiqamətdə də hüquqi baza yaradılacaq. Digər bir qanun layihəsi Azərbaycanda turizmin inkişafı ilə bağlıdır. Bununla bağlı uzun illərdir dünya təcrübəsini müşahidə edirik. Əsas məqsəd ölkəmizdə uğurlu turizm layihələri həyata keçirməklə yeni iş yerlərinin yaradılmasına, işsizlik probleminin həllinə töhfələr vermək, əhalinin sosial müdafiəsini daha da gücləndirməkdir.
Şəmsiyyə Əliqızı, “İkisahil”