24 iyul 2024 22:36
935

Gözlə məni, Zəngəzur, gəlirəm

Mən 1966-cı ildə Zəngəzurda Qarakilsə rayonunun (Sisian) Vağadi kəndində ziyalı ailəsində anadan olmuşam.

Qədim Azərbaycan türklərinin məskənlərindən biri olan Vağadi kəndi Qarakilsə (Sisyan) rayonunun ən böyük kəndlərindən biridir. 1988-ci ildə kənddə 700 ev olmuş və 3500 adam yaşamışdır. Vağadi kəndi rayon mərkəzindən 12 km cənub-şərqdə, Ağudi,  Noravan və Urud kəndlərinin əhatəsində, Bazarçay çayının sol sahilində, çay yatağından bir qədər şimal tərəfdə yastı təpəliyin üzərində yerləşir.  Bu kənddə eyniadlı Qədim alban monastrı yerləşir.  

Vağadi kəndi qarışıq kənd idi. 1918-ci ilə qədər orada da ancaq azərbaycanlılar yaşamışdı. 1918-ci ildə azərbaycanlılar oradan qovuldu və 5 ildən sonra qayıda bildilər. O zaman artıq ermənilər də orada məskunlaşmışdı. Ümumiyyətlə, Sisian rayonunda 1918-ci ilə qədər 115 azərbaycanlı kəndi olmasına baxmayaraq, onlardan yalnız 11-i sonradan qayıtmışdı. Qalanları isə ya dağılıb getmiş, yaxud da erməniləşdirilmişdi. Atamın işi ilə əlaqədar biz 1970-ci ildə Xaçmaz şəhərinə köçməli olsaq da hər il doğma kəndimizə gedirdik. Nənəm, babam, əmilərim, dayılarım orda yaşayırdı, uşaqlığım, gəncliyim doğmalarımın yanında keçib.

Ən çox marağımı çəkən dağlarda yerləşən kahalardı. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı vaxtı evlərindən didərgin düşənlər həmin kahalara pənah aparırdılar. Ermənilər həmin kahalardan dərəyə enib su gətirəni öldürürdülər. Mən həmin kahaların içərisindən dərəyə enmək üçün gizli yolu da görmüşdüm ki, həmin yolla gecə qaranlıq düşəndə dərədən su götürürdülər, çünki ermənilər qaranlıqdan qorxurdular. Mənim doğum şəhadətnaməm erməni dilində yazılıb, halbuki  SSRİ -nin tərkibində olan  respublikalar həm öz dilində, həm də rus dilində yazıdan istifadə edirdi.

Kənddən ən axırıncı çıxan babamgil olub. Babam İkinci Dünya müharibəsi iştirakçısı idi. Ermənilər camaatdan çıxıb getməyi tələb edir, əks halda öldürəcəkləri ilə hədələyirdi. Onlar mal-qaranı tövlədə, toyuq-cücəni hində qoyub canlarını götürüb dağ yolları ilə min bir əzab-əziyyətlə Laçına gəlsələr də yenə də erməni vəhşiliyinin qurbanı olur, Laçını da tərk edirdilər. Mən həmin vaxtlar Bakı Dövlət Universitetinin sonuncu kursunda oxuyurdum, söz vermişdim ki, nə yolla olursa olsun kəndə qayıdıb öz kəndimizdə müəllim olacağam. Ən böyük arzum doğma yurduma qayıdıb, bir gün də olsa orda dərs keçmək idi. Çünki kəndimizin məktəbi böyük alimlər yetişdirib. Həmin alimlər, akademiklər Vətən həsrəti ilə bu dünyadan köçüb, heç olmasa sağ qalanlarla birlikdə qayıdaq. Mənim övladlarım Vətən sevdalısıdırlar, onlara söz vermişəm, mütləq biz qayıdacağıq, bu əminliyi mənə Prezidentimiz cənab İlham Əliyev verib. Biz Zəngəzura qayıdacağıq. Zəngəzur bizi gözləyir! Cavan rəhmətə gedən nənəmin, dayımın qəbrini ziyarət etmək istəyirəm.

Bilirəm, ermənilər o qəbirləri dağıdıblar, yenə də olsun. Qəbiristanda qədim qəbir daşlarında qoç şəkilli qəbirlər var idi, bu da bizim tarixi torpaqlarımızın olmasının sübutudur.

Dövlət başçımızın Qarabağla olduğu kimi, Qərbi Azərbaycanla da bağlı qəti mövqeyi və iradəsi ortadadır. Hansı ki, bir zamanlar bəziləri doğma Qarabağı işğaldan azad edəcəyimizə inanmırdılar. Nə oldu?! Artıq Qarabağ öz əzəli və əbədi sahiblərini qucaqlayıb. Bu isə o deməkdir ki, Qərbi azərbaycanlıların da həsrətini çəkdiyi doğma yurd həsrəti bitəcək.

Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru azad etdi. Hadisələrin gedişatına baxarkən məndə doğma və müqəddəs torpaqlarımıza qayıdacağımıza dair zərrə qədər şübhə yeri qalmır. Biz möhkəm iradəyə malik olan Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mütləq ata-baba torpaqlarımıza qayıdacağıq.

Bu gün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir, Azərbaycan yeni reallıqlar formalaşdırır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətini davam etdirən Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış konsepsiyasını uğurla həyata keçirir.

Şamama Nəsirova,
Xaçmaz şəhəri, A.Səlimov adına 7 nömrəli tam orta məktəbin direktoru