19 iyul 2024 23:52
593

Komiks personajları niyə ağ əlcək geyinir?

Cizgi filmləri dünyası rəngarəng və fantastik personajları ilə həyatımıza rəng qatan bir kainatdır. Bununla belə, bir çox simvolik personajlarda diqqəti çəkən bir detal var: onların əlcəkləri. Mickey  Mause, Bugs Bunny, Sonic hamısı ağ əlcək geyinir. Bəs niyə onlar bu qədər yayğındırlar?

“Collider”-də yer alan araşdırmaya görə, 1920-ci illərin qara-ağ cizgi filmlərində animatorlar üçün personajların əllərini aydınlaşdırmaq böyük bir problem idi. Məhz bu dövrdə Mickey Mause ağ əlcəkləri ortaya çıxdı və bir fenomenə çevrildi.

Ağ əlcəklər personajların əl hərəkətlərini və jestlərini daha aydın və nəzərə çarpan edir. Bu, xüsusilə erkən animasiya dövründə, qara-ağ rəngli filmlərdə çox faydalı idi, çünki əlcəklər personajların əllərini fonlardan ayırırdı. Eyni zamanda, animasiya prosesində işləri asanlaşdırırdı. Personajların əlləri və barmaqları daha aydın göründüyü üçün animatorlar onları daha tez və dəqiq çəkmə imkanı qazanırdılar.

Bu əlcəklər personajlara müəyyən bir stil və cazibə qatırdı. Məsələn, Disney-in erkən personajları olan Mickey Mause və digər klassik animasiya qəhrəmanları ağ əlcəklərlə təsvir edilirdi, bu da onlara müəyyən bir estetik və mədəniyyət ikonu statusu qazandırdı.

Bir çox klassik personajlar, məsələn, Mickey Mouse, Bugs Bunny və digər tanınmış simalar ağ əlcək geyinirdilər və bu, sonradan bir çox digər personajlar üçün də standart bir üsluba çevrildi.

Cizgi filmi personajlarının əlcək taxmasının sirri praktikliklə məhdudlaşmır. Walt Disney-in xüsusi açıqlaması göstərir ki, bu seçim əslində personajları insaniləşdirməkdə dərin məqsəd daşıyır: “Biz onun siçan əllərinin olmasını istəmirdik, çünki o, daha çox insan olmalı idi.  Ona görə də  Mickey Mause əlcək geyindirdik”.

Cizgi filmi personajlarında ağ əlcəklərdən başqa diqqət çəkən ikinci cəhət onların 4 barmağının olmasıdır. Walt Disney bu məsələni belə izah edir: “Beş barmaq bu qədər kiçik bir fiqur üçün çox görünürdü, buna görə birini çıxardıq. Bu, canlandırmaq üçün bir barmağın az olması demək idi”.

Nigar Orucova, “İki sahil”