ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp president seçiləcəyi təqdirdə demokrat Co Bayden administrasiyasının 2032-ci ilə qədər ABŞ-da satılan yeni avtomobillərin əksəriyyətinin elektriklə işləyən olması tələbini ləğv edəcəyini söyləyib.
“İki sahil” xəbər verir ki, o, bunu Viskonsin ştatının Miluoki şəhərində keçirilən respublikaçıların Milli Qurultayında çıxışı zamanı deyib.
Onun fikrini onunla əsaslandırıb ki, bu, Amerika avtomobil sənayesini tamamilə məhv olmaqdan xilas edəcək.
"Hazırda Meksikada böyük fabriklər tikilir" deyən Tramp əlavə edib ki, Çin onları avtoçobil istehsal etmək və ABŞ-a satmaq üçün tikir.
Prezidentliyə namizəd avtomobil istehsalını ABŞ-a qaytarmaq niyyətində olduğunu deyib: “Bu fabriklər ABŞ-da tikiləcək və bizimkilər orada işləyəcəklər. Əgər onlar razı olmasalar, biz hər bir avtomobilə təxminən 100-200% tarif tətbiq edəcəyik və onların Amerika Birləşmiş Ştatlarında bazarında satışı qeyri-mümkün olacaq”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”