13 iyul 2024 21:30
330

Azərbaycan-Pakistan münasibətlərində yeni dövr başlayır

Azərbaycan Respublikasının xarici siyasət kursunda dünya dövlətləri ilə qarşılıqlı dostluq münasibətləri əhəmiyyətli yer tutur. Əksər Asiya ölkələri ilə olduğu kimi Pakistan Respublikası ilə  də ölkəmizin qarşılıqlı dostluq  münasibətləri dərin köklərə malikdir.  Əsrlər boyu xalqlarımızın  dostluq münasibətlərinin inkişaf etməsində   ortaq mədəni köklər, ortaq din  və  ortaq tarixi keçmişə sahib olmamız  mühüm rol oynamışdır. Azərbaycan və Pakistan arasındakı münasibətlər olduqca güclüdür və illər ərzində müsbət istiqamətdə inkişaf edib. Bu münasibətlər siyasi, iqtisadi, müdafiə və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığa əsaslanır. 
Azərbaycan və Pakistan yaxın diplomatik əlaqələrə malikdir. Belə ki, Pakistan 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bu günkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
Azərbaycan və Pakistan arasındakı münasibətlərin inkişaf edərək bugünkü səviyyəyə çatmasında Ümumilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu vardır.  Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanın xarici siyasətində mühüm dəyişikliklər həyata keçirdi və ölkənin beynəlxalq əlaqələrini gücləndirmək üçün fəal çalışdı. Pakistanla münasibətlərin inkişafı da bu siyasətin əsas istiqamətlərindən biri idi. Heydər Əliyevin prezidentliyi dövründə Pakistanla siyasi əlaqələr gücləndi. O, Pakistanın Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsinə böyük əhəmiyyət verdi və bu dəstəyi yüksək qiymətləndirdi. Bu qarşılıqlı dəstək iki ölkə arasında möhkəm dostluq münasibətlərinin yaranmasına səbəb oldu. Belə ki, Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləyərək, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Xüsusilə qeyd etmək lazımdır ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik etmişdir. Azərbaycan da öz növbəsində Kəsmir məsələsində daima Pakistanın mövqeyini dəstəkləmişdir. 
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq sahəsində bir sıra müqavilələr və anlaşmalar imzalandı. Belə ki, 1995-ci ilin oktyabrında Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol” imzalanımışdır. 2000-ci ildə isə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Bütün bunların nəticəsində  iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyularaq, ticarət və investisiya əlaqələri inkişaf etdi və hər iki ölkə üçün faydalı olan yeni imkanlar yarandı.
 Heydər Əliyev dövründə Pakistanla müdafiə sahəsində də əməkdaşlıq genişləndi. Azərbaycan və Pakistan arasında hərbi sahədə əməkdaşlıq müqavilələri imzalandı və birgə hərbi təlimlər keçirildi. Bu əməkdaşlıq regional təhlükəsizliyi və stabilliyi təmin etməyə kömək etmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan və Pakistan arasında mədəni və təhsil əlaqələri də inkişaf etdi. Hər iki ölkənin universitetləri arasında tələbə və mütəxəssis mübadiləsi proqramları həyata keçirildi və mədəni tədbirlər təşkil olundu. Bu tədbirlər xalqlar arasında qarşılıqlı anlaşma və dostluğu gücləndirdi.
Hakimiyyətə gəldikdən sonar cənab Prezident İlham Əliyev Heydər Əliyevin başladığı siyasəti davam etdirərək iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə vermişdir. 
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan və Pakistan arasındakı münasibətlər daha da möhkəmlənmiş və genişlənmişdir. 
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan və Pakistan arasındakı siyasi əlaqələrin daha da dərinləşməsinə nail olmuşdur. Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ məsələsində mövqeyini davamlı olaraq dəstəkləməsi iki ölkə arasında güclü siyasi ittifaqın yaranmasına səbəb olmuşdur. İlham Əliyev dəfələrlə Pakistana rəsmi səfərlər etmiş və iki ölkə arasında yüksək səviyyəli diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə vermişdir.  Dövlət başçımız  2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfər etmişdir.
   Prezident İlham Əliyev  2017-ci il 28 fevral-1 mart tarixlərində  isə İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açaraq, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirmişdir.
    Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirərək, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə vermişdir. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə vermişdir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qətiyyətlə dəstək olan dövlətlərdən biri də Pakistan olmuşdur.  Belə ki, bu dövrdə Pakistanın yüksək rütbəli rəsmilərinin birmənalı bəyənatları Azərbaycanın gücünə güc qatmışdır. 
Prezident İlham Əliyevin 11-12 iyul tarixində dövlət səfəri Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyev, Pakistan İslam Respublikası Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirmişdir. Səfər çərçivəsində müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 10-dan çox sənədin imzalanmışdır.  Bu imzalanmış sənədlərə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”;“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və misal göstərmək olar. Cənab Prezidenti bu səfəri zamanı “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
Şübhəsiz ki, iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətləri daha da inkişaf edərək xalqalımızın yaxınlaşmasına xidmət edəcəkdir.

Ziyafət Əsgərov,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri