Avqustun 19-da tanınmış amerikalı pianoçu Mark Demiş dunya turu çərçivəsində Heydər Əliyev Mərkəzində “Hərəkət” (“Mouvement”) adlı konsert proqramı ilə çıxış edəcək.
“İki sahil” xəbər verir ki, konsertdə Aaron Koplend, Corc Gerşvin, Frederik Şopen, Klod Debüssi kimi məşhur bəstəkarların sevilən əsərləri ifa olunacaq.
Mark Demiş 7 yaşında artıq ilk fortepiano konsertini verib. 19 yaşında isə gənc musiqiçi dünya qastroluna çıxıb. Həmin dövrdə musiqiçi həm də Vyana oğlanlar xoru ilə birgə vokal qrupunun tərkibində çıxış edib.
İfaçının yaradıcı tərcümeyi-halına bir neçə dünya turnesi, yüzlərlə konsert daxildir. Mark Demişin Afrika, Almaniya, Avstraliya, Çin, Hindistan, İsrail, Misir, Niderland, Polşa, Rusiya, Tayvan, Vyetnam, Yaponiya, Yeni Zelandiya, Yunanıstan, ümumilikdə 70-dən çox ölkədə fortepiano konsertləri olub.
Pianoçu hüquqşünas ixtisası üzrə də təhsil alıb və həmin sahə üzrə işləyib. Musiqiçi kimi sənətinə 19 il fasilə verib, amma 2000-ci ilin yayında yenidən səhnəyə qayıtmaq qərarına gəlib.