Bu gün Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsidə Türkiyə və Hollandiya komandaları üz-üzə gələcəklər. Berlinin Olimpiya stadionunda Bakı vaxtı ilə 23:00-da start götürəcək matçın referisi fransalı Kleman Türpen olacaq. Ona həmyerliləri Nikolas Danos və Benjamin Pajes kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Feliks Zvayer yerinə yetirəcək. VAR-da isə Jerom Brisard olacaq.
Amma bu bir həqiqətdir ki, bəzi dairələr Türkiyənin yarımfinal mərhələsinə keçməsini əngəlləməyə çalışırlar. Elə Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralın Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsi tərəfindən cəzalandırılması bunu sübut edir. Nə var, nə var, o, Avro-2024-ün 1/8 finalında Avstriya millisi ilə oyun zamanı vurduğu qolları guya millətçi jesti, yəni Bozqurd simvolu ilə qeyd edib. Vallah, gülməlidir. Amma bu və digər ölkələrin komandalarının oyuncuları öz qol sevinclərini elə şəkildə bildirirlər ki, Merih Dəmiralın həmin jesti onların yanında əgər belə demək mümkünsə, lap toya getməlidir. Şühbəsiz, ölkə daxilində və xaricdə olan bütün vətəndaşlarımızda dərin məyusluq hissi yaradan bu qərar bəzi Avropa ölkələrində əcnəbilərə qarşı qərəzli münasibətin artdığı barədə fikri gücləndirib. Halbuki, beynəlxalq idman tədbirləri cəmiyyətləri və ölkələri bir-birinə daha da yaxınlaşdırmaq üçün təşkil olunur.
Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Futbol Federasiyası Avro-2024-ün 1/8 final mərhələsində UEFA-da mübahisəli reaksiyaya doğuran jestdən istifadə edərək qalmaqala səbəb olan Merih Dəmiralın müdafiəsi üçün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsinə 30 səhifəlik dosye göndərib. Federasiya “Boz qurd” jestinin istifadə edilməsinə dair çoxsaylı misallar gətirib, onun Anadolu, Mərkəzi Asiya və dünyanın digər regionlarında türk xalqlarının minillik tarixini simvolizə etdiyini vurğulayıb.
Bu məsələyə münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Kimsə almanlardan formalarında qartalın səbəbini soruşur? Həm də heç kim fransızlara xoruz haqqında heç nə demir və onlardan soruşmur ki, niyə “xoruzlanırsız?” Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar o, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmir.
Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzulayan dövlətimizin başçısı İlham Əliyev Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik etməklə yanaşı, rəsmi "X" sosial şəbəkə hesabında belə bir paylaşım da edib: “Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!” Bununla da Prezident İlham Əliyev öz haqlı mövqeyini ortaya qoyub və Türkiyə millisinin növbəti qələbəsinə ümid etdiyini vurğulayıb.
Qeyd etdiyimiz kimi, Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Niderland–Türkiyə qarşılaşmasının hakimlər heyəti Fransadandır. Həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə türk coğrafiyasında belə bir narahatlıq var ki, Fransadan olan hakimlər bu qarşılaşmada subyektivliyə yol verə bilərlər.
Amma bütün bu əngəllərə baxmayaraq, Türkiyə millisinin Avropa çempionatının yarımfinal mərhələsinə öz adını yazdıra biləcəyinə əminlik var. Buna bütün Türk dünyası inanır. Bir də axı necə inanmasın. Türkiyə millisi öz əzmkarlığı ilə həmişə Türkd dünyasını sevindirməyibmi? İnşallah, bu dəfə də belə olacaq. Bununla da Türkiyə millisi Şuşa Zirvə görüşünə tarixi bir hədiyyə edəcək. Haydı, Türkiyə!
Qvami Məhəbbətoğlu, “İki sahil”