06 iyul 2024 11:22
544

Muğam ifaçılarımız Özbəkistanda mükafatlandırılıb

Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumunda ölkəmiz də uğurla təmsil olunub.

“İki sahil” xəbər verir ki, 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə tanınmış incəsənət xadimləri, sənətşünas və gənc ifaçılardan ibarət nümayəndə heyəti təmsil ediblər.

Dörd gün davam edən II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanış mərasimində forum çərçivəsində təşkil edilən muğam müsabiqəsi qalibləri mükafatlandırılıb. Qalibləri Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov və Cizzax vilayətinin hakimi Erqaş Saliyev mükafatlandırıb.

Qeyd edək ki, muğam müsabiqəsinin beynəlxalq münsiflər heyətində Azərbaycanı Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi təmsil edib. Münsiflər heyətində Tacikistan, Misir, ABŞ, Hindistan, Türkiyə və Özbəkistandan mütəxəssislər yer alıb.

Müsabiqədə “Ən yaxşı muğam ifaçısı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı muğam sənəti müəllimi”, “Ən yaxşı muğam təbliğatçısı”, “Ən yaxşı gənc ifaçı”, “Ən yaxşı muğam bəstəkarı”, UNESCO, ICESCO və TÜRKSOY-un mükafatları təqdim olunub. Müsabiqənin Qran-Pri mükafatına İranın “Force” ansamblı, I yerə ansambl üzrə Özbəkistan Makom Milli İncəsənət Mərkəzinin Yunus Rəcəbi adına “Makom” ansamblı və solo ifa üzrə birinciliyə Tacikistan Milli Konservatoriyasının solisti Xurşid İroximzoda layiq görülüb.

Ölkəmizi təmsil edən “Vətən” muğam qrupu – Nisbət Sədrayeva, Səfalı Mirzəliyev (hər ikisi xanəndə), Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Səyavuş Kərimov (nağara) TÜRKSOY-un mükafatı ilə təltif olunub. Onlara festivalın diplomu, müxtəlif hədiyyələr və pul mükafatı təqdim edilib.