Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkəmizi II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalında fəxri qonaq qismində təmsil edib.
Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, konqresdə mədəniyyət nazirinin müşaviri, Əməkdar artist Oleq Əmirbəyov, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın ədəbi hissə müdiri Cavid Zeynallı iştirak ediblər.
Konqres və festival Suzdal şəhərinin 1000 illik yubiley tədbirləri çərçivəsində, Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) təşkilatçılığı ilə baş tutub. Tədbir Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin, Mədəniyyət Təşəbbüsləri Prezident Fondunun, Vladimir vilayəti hökumətinin və Suzdal Muzey-Qoruğunun dəstəyi ilə reallaşıb.
Konqres çərçivəsində mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov “Maarif və təhsil: milli teatrlar yeni mənaların doğuş nöqtələri kimi”, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov isə “Milli teatrın gələcəyi: ənənə və innovasiyanın balansı” mövzusunda təşkil olunan panel-müzakirələrdə çıxış ediblər.
Konqres çərçivəsində 20-yə yaxın Rusiya milli teatrlarının rəhbəri ilə, o cümlədən, Aleksandrinski Teatrının, Tatarıstan Dövlət Akademik Milli Teatrının, Başqırd Dövlət Akademik Milli Dram Teatrının, Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və master-klassların təşkili haqqında müzakirələr aparılıb.
Qeyd olunub ki, ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında yaradıcılıq proqramı hazırlanıb. Bu proqram çərçivəsində teatr Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forum zamanı yaranan əlaqələrin nəticəsi olaraq Akademik Milli Dram Teatrı ilə Aleksandrinski Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Layihə çərçivəsində Akademik Milli Dram Teatrında “Rusiya səhnəsinin seçilmiş obrazları” adlı sərginin açılışı olub. Aleksandrinski Teatrının təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təhsil proqramı həyata keçirilib.
Bu ilin sentyabr ayında iki teatr arasında mübadilə qastrolu təşkil olunacaq. Tamaşa günlərində Aleksandrinski Teatrında Azərbaycan Milli Teatrının tarixindən bəhs edən sərgi açılacaq.
Qurulan beynəlxalq əlaqələr bundan sonra da inkişaf edəcək və bu əməkdaşlıq Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək.