Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdan bəhs edən “Oğul” filminin yaradıcı heyəti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
“İki sahil” xəbər verir ki, filmin yaradıcı heyətinin yaydığı açıqlamada qeyd olunur ki, iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev könüllü döyüşçü Natiq Qasımovu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüb: "Natiq Qasımov bu mükafata Azərbaycan ərazisinin müdafiəsi və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi şücaətinə görə layiq görülüb. Azərbaycanın Milli Qəhrəmanı adı yüksək milli tituldur”.
Natiq Qasımovun qəhrəmanlığı və taleyindən bəhs edən “Oğul” sənədli filminin yaradıcıları Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər: “Film Natiqin 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni qoşunları tərəfindən mühasirəyə alınmış strateji əhəmiyyətli kilsəni fədakarlıqla qoruması, sonradan təslim olması, dindirilməsi və Natiqin itkin düşməsində günahkarların aşkar edilməsinə səbəb olan istintaqdan bəhs edir”.
Qeyd edək ki, icraçı prodüser Tale Heydərov, rejissor-ssenarist Karan Sinqh və prodüser Ekard Seycer üç ildən artıq müddətdə film üzərində çalışıblar, hadisələrin şahidlərinin və cinayətkarların axtarışını həyata keçiriblər, 30 ildən artıq müddət bundan əvvəl baş verənlərdə həqiqətləri üzə çıxarıblar və baş verənlərin Natiq Qasımovun ailə üzvlərinə və dostlarına dərin və unudulmaz təsir göstərdiyini nümayiş etdiriblər.
”O vaxtdan indiyə qədər Azərbaycan öz ərazilərini erməni işğalından azad edib, lakin dünyada baş verən müharibələr və müharibə cinayətləri səbəbindən insanlar hər gün ölməyə davam edir. Böyük şücaət və vətənpərvərlik nümunəsi göstərən Natiq isə artıq sıradan biri deyil. O, bu gün Azərbaycanın Milli Qəhrəmanıdır”, - deyə açıqlamada bildirilir.
Əlavə edək ki, “Oğul” filminin premyerası 2021-ci ildə Vaşinqtonda bütün dünyada vətəndaş hüquqlarının və insan azadlıqlarının pozulmasına həsr olunmuş “Whistleblower” Film Festivalında baş tutub, sənədli film həm də Şimali Dakota İnsan Hüquqları Film Festivalı (ABŞ) və nüfuzlu Mumbay Beynəlxalq Film Festivalında (Hindistan) nümayiş etdirilməsi üçün rəsmən seçilənlər sırasında yer alıb, eyni zamanda, “Oğul” filmi bu ilin martında London şəhərində yerləşən nüfuzlu Britaniya Film Mükafatları Akademiyasının (BAFTA) kino zalında nümayiş etdirilib. (APA)