21 iyun 2024 14:27
1053

İcma: Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etməyə çağırırıq

Avropa İttifaqını (Aİ) Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etməyə çağırırıq.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell növbəti dəfə anti-Azərbaycan mövqe nümayiş etdirib: "Jozep Borrell Avropa Parlamentinin deputatlarının sorğusunu cavablandırarkən Azərbaycanda ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş bir qrup əli Azərbaycan xalqının qanına batmış separatçının azad edilməsini tələb edərək, məhkəmənin işinə müdaxilə etməyə cəhd edib. Bundan əlavə, Aİ nümayəndəsi Azərbaycanın reinteqrasya təklifini rədd edərək Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barədə bir kəlmə də olsun danışmayıb. Bütün bunlar Jozep Borrellin qərəzini və ikili standartını nümayiş etdirir. Belə yanaşma Azərbaycan ictimaiyyətində Avropa İttifaqının imicinə ciddi xələl vurur".

"Qərbi Azərbaycan İcması Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə, sülh prosesinə mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını dəstəkləməyə çağırır", - bəyanatda vurğulanıb.