20 iyun 2024 13:39
232

Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz göstərir ki...

Qoşulmama Hərəkatının Gənclər Təşkilatından qlobal çağırışların həlli üçün bir platforma kimi istifadə etməliyik. COP29-a sədrliyimiz dövründə gəncləri həm danışıqlara, həm də görülən işlərə cəlb etməyə çalışırıq. Gənclər İqlim Hərəkatı (YouNGO) ilə sıx əməkdaşlıq edirik. Gənclər bizim gələcəyimizdir, hər bir məsələdə onların fikirlərini dinləmək vacibdir.

“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iyunun 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışında deyib.

Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliklərindən əsasən inkişaf etməkdə olan ölkələr əziyyət çəkir. Həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir. “Hərdən bizə sual verirlər ki Azərbaycan COP29-a ev sahibliyi üçün hansı amildən ilhamlanıb? Çünki bu, çox mötəbər tədbirdir və ona ev sahiblik etmək böyük məsuliyyət tələb edir. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi COP29-a ev sahibliyi etməyimiz üçün bizə ilham verdi. Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz göstərir ki, Azərbaycan qlobal siyasi məsələlərdə qabaqcıl ölkə rolunu oynamağa qadirdir. Bunun bariz nümunəsi Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində COVID-19 ilə bağlı irəli sürdüyümüz təşəbbüslərdir”, - deyə nazir müavini vurğulayıb.