Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunan məktəblilərin “Milli Qurtuluşdan Zəfərə” yaradıcılıq festivalı keçirilib.
Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid və qazi ailələlərinin üzvləri, müəllimlər, məktəblilər iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin sükutla anılması ilə başlayıb. Festivalın keçirilməsində məqsəd təhsilalanların yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların estetik zövqünün formalaşdırılması və incəsənətə marağın artırılması, vətəndaşlıq, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıblar. Ümummilli Liderin ideyalarına sadiq qalan gənclərimizin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsindəki xüsusi rolu şərəf hissi ilə qeyd olunub.
Həmçinin natiqlər qazax xalqının hədiyyəsi olaraq Füzulidə inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında məlumat verərək, müəssisənin Qazaxıstan və Azərbaycan dövlətləri, xalqları arasında dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildiriblər.
Sonra Mədəniyyət və Elm və Təhsil nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət yönlü təhsil müəssisələrinin şagirdlərinin ifasında rəngarəng musiqi, rəqs və bədii qiraət nömrələri təqdim olunub.