Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin bağlanış konserti olub.
Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, "Mənim Azərbaycanım" adlı bağlanış konserti Muqimi adına Musiqili Dram Teatrında Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə keçirilib.
Konserti qardaş ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər.
Azərbaycan rəqs sənətinin ən seçkin örnəklərinin təqdim olunduğu gecədə əsl anşlaq yaşanıb. Rəqqaslarımızın yüksək peşəkarlıqla ifa etdiyi "Süita", "Qaval", "Qazağı", "Yaylıqla rəqs", "Nağara", "Şalı", "Qaytağı", "Toy", "Qılıncla rəqs", "Çayçı" və "Vətən" rəqsləri, eləcə də musiqi nömrəsi tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Daşkənddə 10-14 iyun tarixlərini əhatə edən Azərbaycan Mədəniyyəti Günlərinin möhtəşəm finalı olan konsert iştirakçıların yaddaşında silinməz iz qoyan sənət şöləni kimi tarixə yazılıb.