12 iyun 2024 23:44
262

Ölümsüzlüyə qovuşan qəhrəman

Professor, şəhid atası Kamran Kazımov 2023-cü ildə Astara Pedaqoji Kollecinə rəhbər seçildiyi gündən təhsil ocağında sinəsini Vətənə sipər edib xoşbəxt gələcəyimiz naminə canından keçən igid, qeyrətli oğullarla bağlı vaxtaşırı görülən tədbirlər ara vermir. 44 günlük haqq savaşımızda düşmənə qan qusdurub bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönən, qalxdığı ölməzlik zirvəsindən bizlərə boylanan şəhid polkovnik-leytenant Nail Rəfail oğlu Orucov ömrünün 46-cı yaşına çatdı. Bu münasibətlə Kamran müəllim başda olmaqla kollecin bir qrup əməkdaşı Vətən sevdalısının ev muzeyini və məzarını ziyarət etdilər, önünə güllər qoydular.

Söhbət zamanı şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nurana müəllim bildirdi ki, şəhidlik ən uca zirvədir. Məhz Nail Orucovada belə bir şərəfli ömür yaşmaq nəsib olub. Doğma Vətənin müqəddəsliyinə tapınmaqla düşmənin qarşısına çıxıb və yağını məhv etməklə millətin kimliyini, mənliyini ona qaytarıb.

Qan töküb torpağı Vətən edən ölməz qəhrəmandır Nail. Fəqət, adını tarixə yazan igid cismən aramızdan gedib. Qürur yerimizə dönərək yaşadığı ömür gələn nəsillər üçün də əsl həyat məktəbidir. Ən az Vətəni necə sevməyi, doğma torpağı yağıdan qorumağı bizlərə öyrətdi. İndi Nail Orucovun səpdiyi qəhrəmanlıq toxumları minlərlə ürəkdə cücərdikcə xalqımızın qüdrəti daha da artır.

Şəhidliyi Vətən sevgisindən doğan Nail Orucov 1978-ci ildə Azərbaycanımızın cənub qapısı Astaranın Məscid məhəllə kəndində dünyaya gəlib. İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov yağıya qarşı ölüm-dirim savaşına qatılıb. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb. Cəbrayılda, Füzulidə yüksək şəxsi rəşadət göstərməklə düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Komandir olduğu dəstə Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədini tam nəzarətə alıb. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunub, yağı tərəfindən atılan artilleriya atəşi polkovnik- leytenantın ömrünü yarımçıq qoyub. Beləcə, Astaranın qartal oğlu öz halal torpağı uğrunda axıtdığı qanla Vətənə olan ilahi sevgisini əbədi olaraq möhürləyib.

Canından artıq sevdiyi Azərbaycana Ruslan, Əlihəsən, İbrahim adlı üç vətənpərvər oğul əmanət qoymaqla, həm də ölümündən sonra qəhrəman Nail Orucovun müharibə meydanında nümayiş etdirdiyi şücaəti nəzərə alaraq dövlət tərəfindən “Azərbaycan Bayrağı” ordeninə, “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə medallarına layiq görülüb. Həmçinin sağlığında Vətənə layiqli xidmət etdiyi üçün bir çox medallarla təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü