12 iyun 2024 01:16
1409

Bizim qlobal “yaşıl” notlarımız…

“Yaşıl enerji”yə keçid Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Hətta ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən olunub. Buna görə də ölkəmiz neft və qaz ixracatçısı olsa da, bərpaolunan enerji mənbələ­rinə sərmayə yatırmaqda davam edir və metan emissiyalarının azaldılması üçün bütün cəhdləri göstərir. 

“Yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edən Azərbaycan bu istiqamətdə öz məqsədinə çatmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın bp, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. 

Dün­yanın ən irimiqyaslı mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu ses­siyasının (COP29)  Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulundan sonra ölkəmizdə “yaşıl enerji”nin inkişafı istiqamə­tində həyata keçirilən layihələrin icra­sı  da sürətləndirilib. Artıq bu gün biz bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.

2023-cü ildə Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə “Qara­dağ” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi və bu tipli  yeni  stansiyaların, daha doğrusu, 1 qiqavat gücündə 3 elektrik stansi­yasının inşasına başlanılması bunun sübutudur. Bərpaolunan enerjinin 1 qiqavat həcmi isə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.  Qeyd edək ki, 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi də keçirilib. Onun gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Fərəhləndirici haldır ki, bu prosesdə ölkəmizin digər bölgələri ilə yanaşı, işğaldan azad olunmuş ərazilər də diqqət mərkəzindədir. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. Yeri gəlmişkən qeyd edək ki, bp şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası la­yihəsi həyata keçirilir. Bundan əlavə, bp və “Nobel Energy” ilə birgə Şərqi Zəngəzurda “yaşıl enerji” zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası "yaşıl enerj zonası” elan edilib. Şübhəsiz, bütün bunlar ənənəvi enerji növlərinə alternativ olaraq "yaşıl enerji"nin inkişafı deməkdir. 

2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmaq planlaşdırılır ki, bu da bərpaolunan enerji mənbələrinin payını 33 faizə çatdıracaq. 2030-cu ilə qə­dər isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdı­rılması  hədəflənib. Bu da  bərpaolunan enerji potensialımızın  2027-ci ildə 2, 2030-cu  isə 4 dəfədən çox artı­mını vəd edir.

Araşdırmalara görə, yaxın gələcəkdə dünyada elektrik enerjisinə tələbat 2 dəfə artacaq. Bu mənada Azərbaycan uzaqgörən enerji strategiyası hazırlayıb və həyata keçirir. Bu strategiya daha çox “yaşıl enerji” istehsal etməkdən ibarətdir ki, buna da Azərbaycanın təbii və coğrafi mövqeyi imkan verir. Hazırda ölkəmiz Avropa İttifaqı ilə birgə “yaşıl enerji” dəhlizini də inkişaf etdirir. Bu təşəb­büs Azərbaycanda istehsal edilən bər­pa olunan  enerjinin Avropaya nəqlinə yönəlib. Şübhəsiz, 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir. Bütün bunlar o deməkdir ki, “yaşıl enerji”yə keçid bahalı proses olmasına baxmayaraq ölkəmiz həm də dünyanın yaşıllaşması naminə effektiv addımlar atır.

Qvami Məhəbbətoğlu, “İki sahil”