06 iyun 2024 15:36
231

SOCAR: Azərbaycan hər zaman birbaşa olaraq enerji dəhlizlərinin təşəbbüskarıdır

Azərbaycan hər zaman birbaşa olaraq enerji dəhlizlərinin təşəbbüskarı kimi çıxış edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin müşaviri Zaur Qəhrəmanov Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirir: “Cənub Qaz Dəhlizi isə Azərbaycanın “Şahdəniz” yatağının qaz ehtiyatlarını Avropa istehlakçılarına çatdırır. Bu qaz dəlizi bir daha sübut edib ki, ilk dəfə olaraq qeyri-Rusiya qazı Avropaya gətirilib.

Bundan başqa, Azərbaycan həmçinin böyük enerji layihəsinin təşəbbüskarıdır ki, bu da elektrik və bərpa olunan enerji mənbələrindən yaranan enerjisinin Azərbaycandan qonşu ölkələrə, Bolqarıstan, Rumıniya və Macarıstana çatdırılmasına da imkan yaradacaq”.

O qeyd edib ki, SOCAR hazırda regionda ən böyük və fəal şirkətdir. O, SOCAR-ın Azərbaycan və Gürcüstanda ən böyük şirkət olduğunu və Türkiyədə 3 ən böyük holdinqlərdən biri olduğunu qeyd edib.

Z. Qəhrəmanov bildirib ki, bu illər ərzində SOCAR-ın özünün malik olduğu sərmayələr yatırıb: “4 il ərzində SOCAR Dübəndidə ötürmə gücü 10 milyon ton olan terminallara sərməyələrini davam etdirib. Hazırda SOCAR 20-25 milyon ton nefti qəbul edib və ötürmək gücünə sahibdir. Tezliklə Qaradağda da neft terminalı fəaliyyətə başlayacaq”.

O əlavə edib ki, 2023-cü ildə 1,3 milyon ton Qazaxıstan xam nefti Bakı-Tiblisi-Ceyhan (BTC) vasitəsilə nəql edilib: “Qazaxıstan neftinin Azərbaycan üzərindən ixrac edilməsi ilə bağlı yeni razılaşmalar imzalanıb. Bu razılaşmalara görə, Qazaxıstan neftinin Azərbaycan terminalları vasitəsilə ötürülən həcminin 2,2 milyon tona çatdırılması planlaşdırılır".

Xatırladaq ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.